“Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videokonfrans keçirilib
İsmayıllı, 8 may, AZƏRTAC
İsmayıllıda Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videokonfrans keçirib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, videokonfransda ilk olaraq ümummilli lider Heydər Əliyevin zəngin həyatı və Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərindən söz açılıb. Daha sonra Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ulu Öndərin danılmaz rolundan, böyük xidmətlərindən danışılıb.
Videokonfransda vurğulanıb ki, sərgilər, konsertlər, tamaşa proqramları, ədəbiyyat gecələri, kitab təqdimatları, elmi toplantılar, dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri və sair hər bir mədəniyyət işçisinin ümummilli lider Heydər Əliyevə olan dərin və sonsuz məhəbbətindən güc alır.