“HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da “Gülüstan” sarayında Asiya Müsəlmanları Komitəsinin sədri, Küveytin vəqflər və islam işləri nazirinin müavini Adil Abdulla əl-Fəllahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimatı olmuşdur. “Qismət” nəşriyyatında Azərbaycan, ərəb, rus və ingilis dillərində nəşr olunmuş kitabın təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun, ölkədə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri iştirak edirdilər.
Mərasimi açan və çıxışına Qurani-Kərimdən “Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz” sözləri ilə başlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam ALLAHŞÜKÜR PAŞAZADƏ dedi: Biz elə bir şəxsiyyətin nuruna toplaşmışıq ki, illər ötsə də, alimlərimiz, din xadimlərimiz, siyasətçilərimiz, ümumiyyətlə, bəşəriyyətin bütün mütərəqqi və ziyalı insanları onun haqqında xoş sözlər danışacaq, unudulmaz xatirəsi daim ürəklərimizdə yaşayacaqdır. Heydər Əliyevin ölkəmizdə dini etiqad azadlığının bərqərar edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində və dövlət-din münasibətlərinin inkişafında müstəsna xidmətləri olmuşdur. Onun səyləri ilə ölkə həyatının bütün istiqamətlərində, eləcə də milli-mənəvi dəyərlərimizə münasibətdə yeni bir mərhələnin əsası qoyulmuşdur. Xalqımız dini ayinlərini sərbəst icra etməyə başlamış, şəhər və kəndlərimizdə vaxtilə uçub dağılmış ibadətgahlar bərpa olunmuşdur.
Şeyxülislam ulu öndərin “biz azərbaycanlılar heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq” sözlərini xatırladaraq vurğuladı ki, Heydər Əliyev siyasi fəaliyyəti dövründə daim bu prinsipləri əsas tutur, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına çalışırdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri xalqımızın ümummilli liderinin dünya miqyasında böyük nüfuza malik olduğunu, məqsədyönlü daxili və xarici siyasətinin beynəlxalq ictimaiyyət, o cümlədən müsəlman dünyası tərəfindən rəğbətlə qarşılandığını, siyasi liderlərin, elm və din xadimlərinin ona böyük ehtiramla yanaşdıqlarını bildirdi. O dedi: Biz dindarlar Allaha şükür edirik ki, ulu öndərimizin layiqli davamçısı, onun siyasi xəttinə sadiq olan, ölkəmizi Heydər Əliyevin irs qoyduğu prinsiplərlə idarə edən və inkişaf etdirən Prezidentimiz İlham Əliyev vardır. Atasının həqiqi varisi kimi o, qəlbi və əməlləri ilə daim bizimlədir, xalqladır, millətlədir. İlham Əliyev 2003-cü il prezident seçkilərində qalib gəldikdən sonra Azərbaycanın regionun lider dövlətinə çevrilməsi Heydər Əliyevin arzu və istəklərinin həyata keçməsi deməkdir. Ulu öndərimizin varislik ənənələrini davam etdirən Prezidentimiz xalqımızın milli-mənəvi dəyərlərini, dinlərarası tolerantlıq ənənələrini də qoruyur və inkişaf etdirir. Onun siyasətində dinimizə, mədəniyyətimizə, əxlaqi dəyərlərimizə böyük əhəmiyyət verdiyi açıq-aydın hiss olunur. Bu, dindarlarımızı çox sevindirir, qürurlandırır və Prezidentimizin ətrafında daha sıx birləşməyə sövq edir.
“Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabını ulu öndərin xatirəsinə mühüm töhfə, onun nəşrini ölkəmizin siyasi-mədəni həyatında əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirən akademik Ramiz Mehdiyev dedi ki, Heydər Əliyev şəxsiyyəti nadir tarixi-siyasi və milli-mənəvi səviyyəsi ilə həmişə siyasətçilərin, politoloqların, tarixçi alimlərin, habelə beynəlxalq siyasi dairələrin ciddi marağına səbəb olmuşdur. Çünki Heydər Əliyev çoxşaxəli dövləti fəaliyyəti, zəngin siyasi təcrübəsi, strateji düşüncə tərzi, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə bütöv bir siyasi idarəetmə sistemi yaradaraq, dünya siyasi təcrübəsini və dövlətçilik ənənələrini zənginləşdirən nadir siyasət adamlarındandır. Bu baxımdan, istər Azərbaycan, istərsə də digər dünya siyasətşünaslarının, tədqiqatçı alimlərin Heydər Əliyev siyasi irsinə və dövlətçilik məktəbinə mütəmadi müraciət etməsi zərurət kimi qəbul edilməlidir. Ulu öndərimizin dövlətçilik ideologiyası Azərbaycanın tarixi keçmişi ilə müasirliyi, dövlətin perspektiv inkişafını və strateji maraqlarını düzgün şəkildə özündə ehtiva edən mükəmməl siyasi ideoloji dəyərlər sistemidir. Heydər Əliyev milli dövlətçiliyimizin təməl prinsiplərindən olan azərbaycançılıq ideologiyasına, o cümlədən qloballaşma şəraitində tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına və daha da inkişaf etdirilməsinə xüsusi önəm verirdi. O, azərbaycançılığı haqlı olaraq dövlət müstəqilliyimizin zəruri şərtlərindən biri sayır, müasir Azərbaycan dövlətinin milli siyasi maraqlarını, milli-mənəvi həmrəyliyi, vətəndaş sülhünü, tarixi ənənə ilə müasir gerçəkliyin vəhdətini təmin edən milli ideologiya kimi qəbul edirdi. Bu ideologiya dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların vahid və bölünməz Vətən anlayışına, ölkəmizdə yaşayan xalqlar və etnik azlıqlar arasında qarşılıqlı hörmət və etimada söykənir. Təsadüfi deyil ki, Heydər Əliyev çoxmillətli Azərbaycan cəmiyyətində həmişə birləşdirici amil rolu oynamış, xalq tərəfindən həmrəylik, əmin-amanlıq rəmzi kimi qəbul edilərək sevilmişdir.
Prezidentin İcra Aparatının rəhbəri vurğuladı ki, Heydər Əliyevin dövlət idarəçiliyində din amili cəmiyyətdə xüsusi əhəmiyyət kəsb edən məsələlərdən idi. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin öyrənilməsi, təbliği və qorunması məsələsi onu daim ciddi düşündürürdü. İnamla demək olar ki, xalqımızın milli-mənəvi dəyərlərinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsində Azərbaycanda onun qədər xidməti olan ikinci siyasətçi, dövlət adamı olmayıbdır. Ulu öndər cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə diqqət və qayğı ilə yanaşır, dövlət-din münasibətlərinin tarixi milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsinə, cəmiyyətdə vicdan azadlığının maneəsiz təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsinə böyük əhəmiyyət verirdi. O, mütərəqqi bir dünyagörüşü sistemi kimi həm bəşər sivilizasiyasının, həm də Azərbaycan xalqının milli mədəni təbəqəsində müstəsna yeri olan islam dininin cəmiyyətdə rolunu xüsusilə qiymətləndirirdi. Danılmaz həqiqətdir ki, ümumbəşəri mahiyyəti, mütərəqqi dəyərləri və demokratizmi ilə islam dini ayrı-ayrı etiqad və inanclara malik müxtəlif xalqların yüzillər boyu Azərbaycanda əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin bu günədək qorunub saxlanmasında, davamlı dözümlülük mühitinin təşəkkül tapmasında misilsiz tarixi xidmətlər göstərmişdir. Bütün bunları siyasi müdrikliklə və uzaqgörənliklə dəyərləndirən Heydər Əliyev islam dünyası ilə ikitərəfli və çoxtərəfli münasibətləri, beynəlxalq təşkilatlarla, o cümlədən İslam Konfransı Təşkilatı ilə qarşılıqlı əməkdaşlığı daim dəstəkləyir və var gücü ilə bu əlaqələri Azərbaycanın dövlət maraqlarının təminatına istiqamətləndirirdi.
Akademik Ramiz Mehdiyev bildirdi ki, 1998-ci ilin dekabrında Bakıda İslam Konfransı Təşkilatının keçirdiyi “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpoziumda Heydər Əliyevin tarixi çıxışı, transmilli münasibətlərdə və cəmiyyət həyatında din amili, dünyada gedən mürəkkəb etnosiyasi proseslərdə islam dininin yeri və rolu, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalararası dialoqun zəruriliyi kimi qlobal məsələlər barədə müdrik fikir və tövsiyələri bu gün də öz aktuallığını və siyasi dəyərini saxlayır və bir sıra siyasi və dini dəyərlərin müzakirə mövzusuna çevrilməkdədir.
Çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu, burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma hallarının baş vermədiyini vurğulayan natiq dedi ki, tarixən sivilizasiyaların qovuşduğu məkan kimi tanınan Azərbaycanda etnoslararası ənənəvi dostluq və qardaşlıq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, bütöv vətənçilik təfəkkürü bu diyarda nadir etnomədəni və etnosiyasi münasibətlər sistemini, mütərəqqi milli-mənəvi, əxlaqi-etik dəyərlərə əsaslanan tolerantlıq mühitini formalaşdırmışdır.
Prezidentin İcra Aparatının rəhbəri daha sonra dedi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra tarixi mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi sahəsində ümummilli liderimizin həyata keçirdiyi böyük işlər hazırda Prezident İlham Əliyev tərəfindən daha böyük vüsətlə davam etdirilməkdədir. Dövlətimizin başçısı islam mədəniyyətinin nadir nümunələri olan tarixi memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalamış və bu işi şəxsi nəzarətinə götürmüşdür. Prezidentimizin cəmiyyətin mühüm bir təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır. Ölkədə islam mədəniyyət abidələri ilə yanaşı, ən qədim alban xristian məbədləri, rus pravoslav kilsələri və yəhudi sinaqoqları əsaslı surətdə bərpa və təmir edilmiş, Bakı şəhərində yeni Roma katolik kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək, dindarların istifadəsinə verilmişdir. Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün etnik-dini təbəqələrin öz milli-mənəvi dəyərlərinə sahib olması üçün hərtərəfli hüquqi və demokratik şərait təmin edilmişdir ki, bu da Heydər Əliyev siyasi xəttinin müvəffəqiyyəti, bu xətti dönmədən həyata keçirən hazırkı ölkə rəhbərliyinin şəxsi uğurları kimi qiymətləndirilməlidir.
Akademik Ramiz Mehdiyev çıxışının sonunda dedi ki, Heydər Əliyevin təkrarolunmaz həyat və fəaliyyəti siyasətçilərin və siyasət nəzəriyyəçilərinin diqqət mərkəzində olan bir mövzudur. Bu böyük şəxsiyyətin zəngin siyasi irsi, mükəmməl dövlətçilik məktəbi hərtərəfli təhqiq edilməli, Azərbaycanın bügünkü və gələcək uğurlarının təminatçısı kimi ciddi təbliğ olunmalıdır. “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabını bu istiqamətdə uğurlu addım hesab edir və əmin olduğumu bildirirəm ki, ulu öndərin çoxşaxəli siyasi fəaliyyətinin mühüm bir sahəsini geniş spektrdə işıqlandıran bu dəyərli əsər siyasətçilər, politoloqlar, ümumən geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, Heydər Əliyev siyasi irsinin öyrənilməsində və təbliğində layiqli sözünü deyəcəkdir.
Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri - Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr ata, Azərbaycanın Dağ yəhudilərı icmasının sədri Semyon İxiilov, Vatikan Dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər.
Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev bildirdi ki, Mərkəz Şimali Qafqaz xalqları müsəlmanları qarşısında xidmətlərə görə orden təsis etmişdir. Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də (vəfatından sonra) bu ordenə layiq görülməsi barədə qərar qəbul etmişik.
Mərasimdə Milli Məclisin deputatı Mirfəttah Heydərov, MEA-nın akademikləri Vasim Məmmədəliyev, Fuad Qasımzadə və başqaları da çıxış etdilər.
Kitabın müəllifi Adil Abdulla əl-Fəllah vurğuladı ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev nəinki Azərbaycanda, həm də bütün dünyada layiqli qiymət qazanmışdır. Sevinirəm ki, Allah Azərbaycana belə bir müdrik rəhbər bəxş etmişdi. Onun sözləri və fikirləri tarixə qızıl hərflərlə yazılmışdır. Heydər Əliyev İslam aləmində çox böyük nüfuz sahibi idi.
![]() |
![]() |

