HEYDƏR ƏLİYEVİN ADI XALQIMIZIN YADDAŞINDA ƏBƏDİ YAŞAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Qaradağ rayonu ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabana gələrək ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Sonra tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir. Türk dünyasının qüdrətli şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilovun dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilmişdir.
Məruzəçi vurğulamışdır ki, Azərbaycanın ən yeni tarixinin 34 illik inkişafı, dünyaya inteqrasiyası ulu öndərimizin adı ilə bağlıdır. Biz ümummilli liderimizin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin azad vətəndaşları olmağımızdan qürur duyuruq. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini ölkəmizin xoşbəxt gələcəyinə, yüksəlişinə həsr etmişdir. Ona görə də Heydər Əliyevin adı qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Mərasimdə çıxış edən digər natiqlər də Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, onun xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən söz açmış, yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olan bugünkü inkişafdan danışmış, ulu öndər ilə bağlı xatirələrini söyləmişlər. Onlar ölkəmizin parçalanmaq təhlükəsindən xilas edilməsində, müstəqilliyimizin qorunub saxlanılmasında, iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin tərəqqisində, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərini sadalamış, respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, xalqımız gələcəyə nikbinliklə baxır, çünki böyük liderin daxili və xarici siyasətini onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqı onun rəhbərliyi ilə demokratiya, sülh və tərəqqi yolu ilə irəliləyir.
Azərbaycanın dahi oğlunun əziz xatirəsinin, işıqlı ideyalarının xalqımızın yaddaşında əbədi yaşayacağı, qaradağlıların bundan sonra da Heydər Əliyev siyasətini qətiyyətlə müdafiə edəcəyi, Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyi dönə-dönə vurğulanmışdır.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədi lider” sənədli-publisistik film, xalqımızın böyük oğlunun dühasını tərənnüm edən ədəbi-bədii kompozisiya göstərilmişdir.