Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B görüş təşkil olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Hindistanın Azərbaycandakı səfirliyi dörd şirkətdən ibarət Hindistanın işgüzar nümayəndə heyətinin və iri Azərbaycan şirkətlərinin, eləcə də AZPROMO da daxil olmaqla biznesə dəstək təşkilatlarının 15-ə yaxın nümayəndəsinin iştirakı ilə Hindistan-Azərbaycan əməkdaşlığına dair B2B formatında görüş təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, hər iki ölkəni təmsil edən şirkətlər döşəmə plitələri sektorunda biznes əməkdaşlıq imkanlarını araşdırmaq və müzakirə etmək üçün görüşüblər.
Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar Hindistanın dünyada ikinci ən böyük döşəmə plitəsi istehsalçısı olduğunu vurğulayıb. Bu illər ərzində, Hindistanın döşəmə plitəsi sənayesi qlobal rəqabət apara biləcək müasir dünya səviyyəli sənaye kimi formalaşmaq üçün yeni innovasiyalar və məhsul portfeli, keyfiyyət və dizayn baxımından modernləşib.
O, iştirakçıların nəzərinə çatdırıb ki, Hindistan 125-dən çox ölkəyə döşəmə plitə ixrac edir və müxtəlif sektorlar üzrə Hindistan şirkətləri haqqında daha ətraflı məlumatı “www.indianbusinessportal.in” portalından almaq olar.
Səfir bildirib ki, cari ilin yanvar-iyul ayları üzrə statistikaya əsasən, Hindistan Azərbaycana ən çox döşəmə plitə ixrac edən üçüncü ölkə olub və Azərbaycanın ümumi döşəmə plitə idxalının 13,4 faizini təşkil edib: “Bununla belə, Azərbaycanda Hindistan döşəmə plitə məhsullarının bazar payını artırmaq üçün hələ də, böyük potensial mövcuddur”.
Tədbir zamanı, Hindistan şirkətlərinin nümayəndələri öz qurumları haqqında təqdimatla çıxış ediblər. Təqdimatların ardından, Hindistan və Azərbaycan şirkətləri arasında B2B görüşlər keçirilərək səmərəli işgüzar müzakirələr aparılıb.
Hindistanın dörd şirkəti oktyabrın 19-21-də keçiriləcək “Baku Build - 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi”nə qatılıb.
Qeyd edək ki, statistik məlumatlara əsasən, bu ilin yanvar-avqust ayları üzrə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 159,5 faiz artaraq 1 milyard 528 milyon ABŞ dolları olub. Azərbaycanın Hindistana ixracı 181,6 faiz artaraq 1 milyard 378 milyon dollar təşkil edib. Bu dövr ərzində Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və üçüncü ən böyük ixrac bazarı olub. Eyni dövrdə, Azərbaycanın Hindistandan idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,8 faiz artaraq 149,8 milyon dollar təşkil edib.