Hubeydə karantin rejimi yumşaldılır
Pekin, 1 may, AZƏRTAC
Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Hubey vilayətində epidemiya ilə əlaqədar elan olunmuş ictimai səhiyyə sahəsində ən yuxarı fövqəladə hazırlıq vəziyyəti mayın 2-də bir pillə aşağı endiriləcək.
AZƏRTAC xəbər verir ki, vilayət hökuməti aprelin 4-dən bəri vilayətdə virusa yoluxma faktının qeydə alınmamasını əsas götürərək belə qərar qəbul edib. Vilayətin vitse-qubernatoru Yan Yünyən bildirib ki, 3 aydan çox bir müddətdə davam edən sərt karantin rejimi sayəsində virusun yayılması əsas etibarı ilə dayandırılıb. Qərara uyğun olaraq vilayətdə xəstəliklə mübarizə və nəzarət tədbirləri, başqa sözlə karantin rejimi mərhələli şəkildə yumşaldılacaq.
Qeyd edək ki, yeni növ koronavirus ötən il dekabrın son günlərində Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanıb. Virus Çində ən çox Hubey vilayətində yayılmış (68 min 128 yoluxma) və ən çox tələfat da (4512 ölüm) burada qeydə alınmışdı. Yanvarın 22-də vilayətdə ictimai səhiyyə sahəsində 2-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunmuş, yanvarın 24-də isə hazırlıq vəziyyəti ən yüksəyə qaldırılmışdı. Buna müvafiq olaraq, Uxan da daxil olmaqla virusun daha çox yayıldığı şəhərlərdə xüsusi karantin rejimi elan edilmiş və giriş-çıxış bağlanmışdı. Mart ayından başlayaraq Çində, eləcə də Hubeydə epidemioloji vəziyyət yaxşılaşmağa başlayıb. Belə ki, Uxan istisna olmaqla son 57 gündür vilayətdə COVID-19-a yoluxma qeydə alınmayıb. Martın 25-dən Uxanda və digər yaşayış məntəqələrində şəhərdaxili nəqliyyatın, martın 28-də isə metronun və şəhərlərarası qatarların hərəkəti bərpa olunub. Aprelin 8-də isə Uxana giriş-çıxış qadağası aradan qaldırılıb. Epidemiya ilə mübarizə üçün Çinin müxtəlif yerlərindən Hubeyə cəlb olunmuş tibb işçilərinin sonuncu qrupu aprelin 15-də Uxanı tərk edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin