REGİONLAR
İcbari Tibbi Sığortanın Abşeron rayonu üzrə tətbiqi davam edir
Xırdalan, 8 aprel, Ə.Rzayeva, AZƏRTAC
Hər il dünya ictimaiyyətinin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən mövzulara cəlb olunur və müxtəlif şüarlar altında müzakirələr düzənlənilir. Abşeron rayonunda İcbari Tibbi Sığortanın əhali arasında tətbiqi ilə bağlı müvafiq tədbirlər bu dəfə Ümumdünya Sağlamlıq Gününə təsadüf edib.
AZƏRTAC xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər suallarla bağlı Abşeron Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən növbəti dəfə aprelin 8-də Saray qəsəbəsində məlumatlandırma tədbiri keçirilib. Ailə Sağlamlıq Mərkəzində sözügedən tədbir zamanı icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova da iştirak edib, İcbari Tibbi Sığorta çərçivəsində işlərlə yaxından tanış olub.
Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, ginekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edilib və tibbi müayinələrini həyata keçiriblər. Sakinlərin diqqətinə çatdırılıb ki, aparılacaq müayinə və müalicələr İcbari Tibbi Sığorta tərəfindən qarşılanacaq. Beləliklə, xəstələr ödəniş etmədən müasir tələblərə uyğun olan tibbi xidmətlərdən yararlana biləcək.
İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alınıb və İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırılıb. Sakinlər göstərilən xidmətlərə görə aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, ölkəmizdə müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət başçısının yürütdüyü sosial siyasətin tərkib hissələrindən biridir. Respublikamızın iqtisadi qüdrətinin artması səhiyyənin də davamlı inkişafına səbəb olub. İcbari tibbi sığortanın tətbiqi də məhz bu baxımdan inkişafın əhəmiyyətli nəticəsidir. Bir çox ölkənin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin olduğunu bir daha təsdiqləyir.