ICESCO beynəlxalq təşkilatları bəşəriyyətin gələcəyi naminə sıx əməkdaşlığa çağırıb
Bakı, 14 noyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik beynəlxalq təşkilatları gənclərin daha yaxşı gələcəyini və layiqli təhsilini təmin etmək üçün onların özlərinə inamlarını artırmaq istiqamətində fəal əməkdaşlığa çağırıb.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, Baş direktor UNESCO-nun Parisdəki mənzil-qərargahında üzv dövlətlərin nazirləri və nümayəndə heyətlərinin, beynəlxalq və regional təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən UNESCO Baş Konfransının 42-ci sessiyasındakı çıxışında bütün dünyada hökm sürən qorxunun və daha yaxşı gələcək axtarışının beynəlxalq təşkilatların məsuliyyətini artırdığını qeyd edib. O əlavə edib ki, mədəniyyət, elm və təhsilə diqqətin artırılması insanların həyat keyfiyyətinin yüksəldilməsi, sülhün və birgəyaşayışın qorunmasına nail olmaq üçün ən yaxşı vasitədir. O bildirib ki, ICESCO və UNESCO-nun bu sahələrdə sıx əməkdaşlığı daim dəyişən dünyada sülhə nail olunmasına böyük töhfə verə bilər.
ICESCO-nun Baş direktoru bəşəriyyəti narahat edən problemlərin sivilizasiya ilə bir araya sığmadığını vurğulayaraq, bu məsələdə beynəlxalq təşkilatların rolu ilə bağlı suallar meydana çıxdığını deyib. O qeyd edib: “Hazırkı şəraitdə biz elm, mədəniyyət və təhsildə daha böyük uğurlara necə nail ola bilərik? Bombalama, məhvetmə və terrorizmin ən güclü təzahürləri ilə üz-üzə qalan uşaqların, anaların və qocaların vəziyyətinə baxın. Biz bütün çıxışlarımızda çox vaxt sülhə bağlı olduğumuzu iddia edirik. Amma hazırkı dünya reallığında hansı sivilizasiyadan danışırıq? Sülh və sivilizasiya iddialarımız haqsızlıqların qarşısında susmağımızla uyğun gəlmir”.
Salim Əl-Malik çıxışının sonunda vurğulayıb ki, belə olan şəraitdə beynəlxalq təşkilatlar ayağa qalxmalı və bəşəriyyətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməlidir.