ICESCO ekstremizmlə mübarizəyə dair beynəlxalq konfrans keçirir
Bakı, 15 noyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında Zorakı Ekstremizmlə Mübarizə üzrə Beynəlxalq Konfransın üçüncü sessiyası keçirilir. Tədbirdə Məhəmmədiyyə Alimlər Liqası və Yeni Cənubi Siyasət Mərkəzinin ekstremizmə qarşı mübarizə sahəsində yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, həmçinin ekspertlər və tədqiqatçılar iştirak edirlər.
AZƏRTAC təşkilatın mətbuat xidmətinə istinadla xəbər verir ki, “Zorakı ekstremizmə qarşı mübarizədə elmi biliklər” mövzusunda keçirilən iki günlük konfrans “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb.
ICESCO-nun Baş direktoru Salim Əl-Malik tədbirdə çıxış edərək zorakı ekstremizmin çoxlu köklərə malik olduğunu vurğulayıb. O əlavə edib ki, bu fenomenlə mübarizə aparmaq üçün onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Baş direktorun sözlərinə görə, ekstremizm müəyyən bir inanca, bölgəyə və ya milliyyətə xas o deyil, daha çox təhsilin yoxluğuna, ağır sosial problemlərə əsaslanır.
ICESCO-nun Baş direktoru zorakı ekstremist qruplar tərəfindən kommunikasiya texnologiyalarından, xüsusən də süni intellekt proqramlarından istifadənin artması ilə bağlı xəbərdarlıq edərək, uşaqların ekstremistlər tərəfindən ələ alınmasını asanlaşdıran video oyunlarda zorakılığın təbliğ edilməsi hallarından narahatlıq ifadə edib.
BMT Təhlükəsizlik Şurasında terrorla mübarizə üzrə İcraiyyə Komitəsinin icraçı direktorunun müavini Veyksionq Çen çıxışında bildirib ki, terrorçu və zorakı ekstremist qruplar daha çox üzv cəlb etmək üçün ekoloji böhranlardan, yoxsulluqdan, zəif idarəetmədən və insan hüquqlarının pozulmasından istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, bu sahədə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün bütün ölkələr və beynəlxalq təşkilatlar öz səylərini birləşdirməlidir.
Açılış mərasimindən sonra konfransın ilk iclası ekstremizmin qəbulu və rədd edilməsi ilə bağlı davranış və psixoloji aspektlərə həsr olunub. İkinci sessiyada ekstremizmlə mübarizədə təhsilin rolu müzakirə olunub. Konfransın ikinci günündə ekstremizmin rədd edilməsi proqramları və ekstremizmdə texnologiya və süni intellektdən istifadə təhlükəsi ilə bağlı milli və beynəlxalq təcrübə mübadiləsi, həmçinin əcnəbi muzdlu döyüşçülərin və onların ailələrinin geri qayıtması ilə bağlı məsələlər müzakirə edilir.