CƏMİYYƏT
ICESCO üzv dövlətlərin elm, təhsil və mədəniyyət sahələrində səylərini gələcəkdə də dəstəkləyəcək
Bakı, 3 may, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) təsis edilməsinin 41-ci ildönümündə sürətli qlobal dəyişikliklərə uyğunlaşmaq və problemləri həll etmək üçün təhsil, elm və mədəniyyət sahələrində daha çox nailiyyətlər əldə etmək istiqamətində üzv dövlətlərlə səmərəli əməkdaşlığı davam etdirmək öhdəliyini bir daha təsdiqləyir.
AZƏRTAC təşkilatın baş ofisinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, bu fikirlər ICESCO-nun təsis edilməsinin ildönümü münasibətilə üzv ölkələrə müraciətində yer alıb.
Müraciətdə deyilir: “ICESCO müsəlman ölkələrində gənclərin bacarıqlarının artırılması, qadınların dəstəklənməsi, innovasiyaların və müasir sərmayələrin təşviqi üçün bir çox proqram və fəaliyyətlərə başlamaqla təşkilatın modernləşdirici baxışının və strateji istiqamətlərinin effektivliyini nümayiş etdirən şəffaflıq yolu ilə yeni mərhələlərə çatmaq istiqamətində səylərini gücləndirməyi öhdəsinə götürür. Qarşıdakı illərdə texnologiya, o cümlədən kosmik elm və süni intellekt tətbiqləri, habelə sülh, birgəyaşayış və sivilizasiyalararası dialoq dəyərlərinin möhkəmləndirilməsi diqqət mərkəzində olacaq.
ICESCO, həmçinin müsəlman ölkələrinin təhsil, elm və mədəniyyət sahələrində ixtisaslaşmış müxtəlif regional və beynəlxalq təşkilatlar, müəssisə və qurumlarla tərəfdaşlığı möhkəmləndirmək öhdəliyini təsdiqləyir. Bu kontekstdə müsəlman ölkələrinin təhsil, elm və mədəniyyət sahələrində inkişafı və müasirləşməsi səyləri cari dəyişikliklərə uyğun gələn milli strategiyalara töhfə verir.
Təşkilat bu münasibətlə ona göstərilən davamlı dəstəyə görə üzv dövlətlərin rəhbərlərinə və ICESCO-nun iddialı təşəbbüs və proqramlarını daim dəstəkləyən və bu sahədə əməkdaşlıq edən təhsil, elm və mədəniyyət üzrə milli komissiyalara səmimi təşəkkür və minnətdarlığını bildirir. Hər bir ölkənin prioritetlərinə və ehtiyaclarına uyğun olan layihələrin həyata keçirilməsində böyük harmoniya ilə nəticələnən İslam dünyasının bütün qurum və orqanları ilə əməkdaşlıq bizim üçün çox qiymətlidir”.
ICESCO, həmçinin üzv dövlətlərdən inzibati strukturun, fəaliyyət planlarının və mexanizmlərinin inkişafı və modernləşməsinə görə aldığı təşəkkürlə fəxr etdiyini bildirib. “Təşkilat bu təqdiri müsəlman ölkələri qarşısında böyük məsuliyyətinin təzahürü hesab edir və İslam dünyasında rifah və tərəqqinin təmin edilməsi üçün daha çox nailiyyətlər əldə etmək istiqamətində qətiyyətlə irəliləməyi öhdəsinə götürür”, -deyə sonda qeyd edilib.