MƏDƏNİYYƏT
İçərişəhərdə daha bir tarixi abidə bərpa edilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən, İçərişəhərdə yerləşən Ağa Mikayıl hamamında aparılan bərpa işləri başa çatmışdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən inşa etdirilmiş və xalq etimologiyasında “Hamamçılar məhəlləsi” adlanan ərazidə yerləşən Ağa Mikayıl hamamı yerli və xarici mütəxəssislər tərəfindən qabaqcıl texnologiyaların köməyi ilə bərpa edilmişdir.
Abidənin sütunları möhkəmləndirilmiş, daxilində təmir-bərpa işləri aparılmış, fasadı tarixi görkəminə qaytarılmışdır.
Məşhur “O olmasın, bu olsun” filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən “Məşədi İbad hamamı” adlanan abidənin gələcəkdə öz təyinatı üzrə istifadə olunması nəzərdə tutulur. Bu səbəbdən Ağa Mikayıl hamamının daxilində ənənəvi ab-hava yaradılmış və müasir avadanlıqla təchiz olunmuşdur. Abidə öz fəaliyyəti ilə İçərişəhərə gələn turistləri Şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək və əhaliyə xidmət göstərəcəkdir.
Ümumiyyətlə, İçərişəhərdə mədəni irsimizin bir hissəsi olan tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə bərpa və konservasiya işləri həyata keçirilir. Ötən ilin dekabrında İçərişəhərin ən qədim məscidi olan Məhəmməd məscidində xarici mütəxəssislər tərəfindən Azərbaycanda ilk dəfə olaraq vakuum yolu ilə bərkidilmə üsulundan istifadə etməklə muzey konservasiyası işləri görülmüşdür. Gələcəkdə də İçərişəhərdə bu silsilədən olan işlərin aparılması nəzərdə tutulmuşdur.