MƏDƏNİYYƏT
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə yeni namizədlər irəli sürülmüşdür
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Milli Məclisin mədəniyyət komitəsinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Nizami Cəfərov demişdir ki, iclasın gündəliyinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi daxil edilmişdir.
Komitə sədri qeyd etdi ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq Şirkətin Yayım Şurasının 3 üzvünün bu ilin aprelin 17-də altı illik səlahiyyət müddəti başa çatacaqdır. İdman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən 8 yeni namizəd sürülmüşdür. Namizədlər arasından adı çəkilən hər təşkilatdan bir nəfər olmaqla - 3 nəfər 6 il müddətinə Şuraya üzv seçilərək təsdiqlənəcəkdir. Bildirilmişdir ki, idman federasiyaları tərəfindən iki, dini konfessiyalardan iki, yaradıcılıq təşkilatlarından isə 4 nəfərin namizədliyi irəli sürülmüşdür.
İclasda iştirak edən Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov bildirmişdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı mart ayında müsabiqə elan olunmuşdur. Bu məsələ ilə əlaqədar keçirilən iclaslarda hər bir təşkilat namizədlərini seçərək təqdim etmişdir. O, namizədlərin hər birinin cəmiyyətdə kifayət qədər tanındıqlarını, öz sahələrində peşəkarlıqları ilə seçildiklərini, hər birinin ayrı-ayrılıqda bu işi layiqincə yerinə yetirə biləcəyini diqqətə çatdırmışdır.
Çıxış edən deputatlar Jalə Əliyeva, Sahibə Qafarova, Leyla Abdullayeva da irəli sürülən namizədlərin hər birinin cəmiyyətdə kifayət qədər tanındıqlarını qeyd etmiş, onları dəstəklədiklərini bildirmişlər.
Namizədlikləri irəli sürülən - Yusif Babanlı, Ziyadxan Əliyev, Rafiq Səməndər, Fuad Nurullayev, Robert Mobili, Zemfira Qafarova Şuraya üzv seçiləcəkləri təqdirdə fəaliyyətlərinin əsas prinsiplərini açıqladılar.
Müzakirələrdən sonra namizədlərin təsdiqlənməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunmuşdur.