“İƏT Modeli-2020” proqramının ikinci həftəsi başa çatıb
Bakı, 27 aprel, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” təhsil proqramının 2020-ci il üzrə həm milli mərhələsi, həm də Avrasiya üzrə beynəlxalq mühazirələri onlayn qaydada davam edir və artıq builki proqramın ikinci həftəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu həftə İƏT Modeli iştirakçıları və dinləyiciləri üçün ABŞ-da yerləşən Qlobal Siyasət Mərkəzinin direktoru, eləcə də Pakistanın Baş Naziri İmran Xanın strateji məsələlər üzrə müşaviri doktor Əzim İbrahim “Müsəlman dünyasında yeni geosiyasi reallıqlar”, Azərbaycandan beynəlxalq məsələlər üzrə ekspert Fərhad Məmmədov “Müasir beynəlxalq münasibətlərdə Azərbaycanın yeri və rolu” mövzularında, eləcə də İndoneziyanın ölkəmizdəki səfiri professor Hüsnan Bəy Fanani mühazirələrlə çıxış ediblər.
Avropa Sosial Beyin Mərkəzi tərəfindən dünyanın 100 qlobal mütəfəkkirindən biri seçilən doktor Əzim İbrahim statistik məlumatlar və müqayisəli təhlil əsasında hazırda müsəlman ölkələrinin üzləşdiyi əsas sosial-iqtisadi problemlərdən (işsizlik, demoqrafiya, terrorizm və s.) bəhs edib.
Sonra natiq İŞİD terror fenomeninin müsəlman ölkələrində yayılma səbəblərindən, eləcə də Rohinca müsəlmanlarına qarşı aparılan soyqırımıdan, dünya ictimaiyyətinin və ayrı-ayrı maraqlı dövlətlərin bu qırğına münasibətindən danışıb.
Fərhad Məmmədov dünyada mövcud milli, dini və coğrafi beynəlxalq platformalar çərçivəsində Azərbaycanın apardığı çoxtərəfli diplomatiya və bu sahədəki uğurlu təcrübələrini şərh edib.
İndoneziyanın Azərbaycandakı səfiri professor Hüsnan Bəy Fanani təmsil etdiyi ölkənin coğrafi və multikultural cəhətləri, respublikanın beş əsas prinsipi, həm beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli formatda xarici siyasəti nümunəsində beynəlxalq münasibətlərin əsas prinsipləri haqda məlumat verib. Bundan başqa, səfir çıxışında, həmçinin İndoneziyanın Azərbaycan ilə münasibətlərinə toxunaraq, ilk növbədə, turizm olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bildirib, ölkəsinin Myanmadan qaçqın düşmüş müsəlmanlara etdiyi yardımdan, Rohinca böhranının həll edilməsi istiqamətində ölkəsinin atdığı diplomatik addımlardan bəhs edib.
Sonda gənclərin müxtəlif sualları cavablandırılıb.
Xatırladaq ki, “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” təhsil proqramı artıq 10 ildir ki, uğurla həyata keçirilməkdədir. Bu il pandemiya səbəbindən proqramın bütün mühazirələri onlayn rejimdə, milli dinləyicilər üçün Azərbaycan, beynəlxalq iştirakçılar üçün ingilis dillərində həyata keçirilir.
Qeyd edək ki, son 2 həftənin mühazirələrinə ümumi baxış sayı 20 mini keçib. Proqramın 2020-ci il mərhələsi daha 3 həftə onlayn rejimdə davam edəcək və sonda həm Azərbaycan, həm də Avrasiya regionu üzrə ayrıca olaraq İƏT XİN Nazirləri Konfransının simulyasiyası ilə yekunlaşacaq.