İFES SEÇKİLƏRLƏ BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİNƏ VƏ MSK-YA TEXNİKİ YARDIM GÖSTƏRİR
Seçki Sistemləri üzrə Beynəlxalq Fond (İFES) prezdent seçkiləri ilə bağlı Azərbaycan hökumətinə və Mərkəzi Seçki Komissiyasına texniki yardım göstərir. İFES-in Bakıdakı ofisinin rəhbəri Çarlz Laşam iyulun 9-da keçirdiyi mətbuat konfransında demişdir ki, ilk növbədə seçicilərin maarifləndirilməsini qarşısına məqsəd qoyan təşkilat yeni Seçki Məcəlləsini kitab şəklində nəşr etdirərək siyasi partiya, qeyri-hökumət təşkilatları və əhali arasında paylamışdır. Məcəllə, həmçinin ingilis dilində də nəşr olunaraq beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə təqdim olunacaqdır. Seçki Məcəlləsi və seçkilərə hazırlıqla bağlı hesabat hazırlanır və sənəd yaxın günlərdə ictimaiyyətə çatdırılacaqdır. Seçki prosesində şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq seçki bülletenləri xüsusi nömrələrlə şifrələnəcək, seçki protokolları isə kardonlaşdırılmış kağızlarda 3 rəngdə olmaqla nömrələnəcək, şəffaf qutulardan istifadə ediləcəkdir. Şəffaf qutuların hazırlanaraq ölkəyə gətirilməsini Almaniyanın Azərbaycandakı səfirliyi öz üzərinə götürmüşdür. Qutuların möhürləri də xüsusi olaraq hazırlanmışdır. Seçicilərin, eləcə də məntəqə seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə İFES və Mərkəzi Seçki Komissiyasının nümayəndələrindən ibarət qruplar yaradılmışdır. Bu qruplar 35 seçki dairəsinin 1600-dən çox məntəqəsində təlim kursları keçirəcəkdir ki, bu da 10 min nəfərdən artıq adamın məlumatlandırılması deməkdir. Seçicilər üçün hazırlanmış yaddaş kitabçaları da bu günlərdə əhaliyə paylanacaqdır. İFES bununla Azərbaycanda şəffaf, demokratik seçki keçirilməsi ilə yanaşı, əhalinin seçkilərə olan maraqlarını artırmağa nail olacaqdır. Sonra jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.