“İKİ SAHİL” QƏZETİ ULU ÖNDƏRİN 85 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ XÜSUSİ BURAXILIŞ HAZIRLAMIŞDIR
1969-cu ildə Azərbaycanın rəhbəri seçilmiş Heydər Əliyev bütün mənalı ömrünü respublikamızın tərəqqisinə, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkəmizin dünyada tanınmasına həsr etmiş, bu istiqamətlərin hər birində yaddaqalan nailiyyətlərə imza atmışdır.
Ulu öndərin 1988-ci ildən sonra fəlakətlərə düçar edilmiş Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, daxili və xarici irticanın caynaqlarından xilas etməsi onun hansı gücə, hansı iradəyə malik olmasının parlaq göstəricisidir. Xalqımızın ümummilli lideri, ulu öndər kimi yüksək adlar heç kimə sərəncamla, parlament qərarı ilə verilmir. Bu adları xalq onun yolunda uzun illər yorulmadan, dinclik bilmədən çalışan, ölkənin, xalqın başı üzərindən qara buludları qovan dövlət rəhbərinə özü verir. Heydər Əliyev məhz bu yolla xalqın sevimlisinə çevrilmiş, dünyanın ən görkəmli siyasi xadimlərinin mənsub olduqları xalqların ümummilli liderləri titulunu qazanmış şəxsiyyətlərin ön sırasında dayanmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ulu öndərimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə “İki sahil” qəzetinin xüsusi buraxılışında dərc edilmiş yazıların əsas qayəsini təşkil edir. Rəngli, illüstrativ fotoların, publisistik və təhlili yazıların yer aldığı 48 səhifəlik “xüsusi buraxılış”ın hər bir səhifəsi Azərbaycanı fəlakətlərdən xilas edib sabitlik, inkişaf yoluna çıxarmış bir şəxsiyyətin ömür yolunun, siyasi mübarizəsinin tarixidir.
“Xilaskar” sərlövhəli yazı ilə başlanan redaksiya şərhindən başqa Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədovun “Azərbaycan tarixinin Heydər Əliyev dövrü”, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyevin dövlət quruculuğu təlim”, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun “Heydər Əliyev Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin banisidir”, ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “Qalibiyyət strategiyası”, Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzovun “Heydər Əliyev və müstəqilliyin əsaslarının yaradılması”, Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlının “Heydər Əliyev və Azərbaycanın milli ideologiyası”, Milli Məclisin komissiya sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimovun “Tarix yaradan partiyanın qurucusu”, Milli Məclisin deputatı Fəttah Heydərovun “Mədəniyyətimizin intibah dövrü”, Milli Məclisin komissiya sədri Hadi Rəcəblinin “İdeal şəxsiyyət, YAP Siyasi Şurasının üzvü, mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin “Balanslaşdırılmış xarici siyasət”, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Həsən Şirinovun “Heydər Əliyevin dövlətçilik və idarəçilik siyasəti”, əməkdar jurnalist, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Heydər Əliyev jurnalistlərin ən yaxın dostu idi” yazıları və digər müəlliflərin məqalələri xüsusi buraxılışın maraqla oxunan materiallarıdır.
######
