İKT profilli kadrların hazırlanmasının müasir vəziyyəti müzakirə olunub
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Respublikada İKT profilli kadrların hazırlanmasının müasir vəziyyəti: beynəlxalq təcrübə, problemlər, perspektivlər və həlli yolları” mövzusunda məruzəsini təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, F.Ağayev öncə dünyanın bütün universitetlərində İKT ixtisasları üzrə tədrisin strukturu, İKT təhsilinin istiqamətləri, professional və xüsusi biliklər üzrə fənlər haqqında məlumatı diqqətə çatdırıb.
F.Ağayev ABŞ, Rusiya, Yaponiya, Asiyanın ali təhsil müəssisələrində İKT ixtisaslarının siyahısını, İKT ixtisasları üzrə ABŞ və Kanada universitetlərinin tədris proqramlarının məzmunundan danışıb, bu universitetlərin məzunlarına verilən tələblər, mühəndis ixtisasları üzrə təhsil proqramlarının akkreditasiyası barədə məlumat verib.
O, Azərbaycanda proqram mühəndisliyinin tədrisi problemlərindən və ali məktəblərin İT sahəsi üzrə mütəxəssis hazırlığı və bu sahədə mövcud çətinliklərdən danışaraq onların həlli istiqamətində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya Federasiyası kimi qabaqcıl ölkələrin təcrübəsindən yararlanmağın əhəmiyyətindən söz açıb.
Məruzəçi ölkəmizdə mövcud problemlərin həlli məqsədilə təkliflərini səsləndirib. O, müvafiq peşə və təhsil standartlarının beynəlxalq təhsil proqramlarına uyğunlaşdırılmasının, müasir tələblərə cavab verən müvafiq maddi-texniki bazanın, informasiya texnologiyalarının kadr hazırlığına dəstək vermək məqsədilə AMEA və Təhsil Nazirliyinin alim və mütəxəssislərindən ibarət elmi-metodiki şuranın yaradılmasının, informasiya texnologiyaları sahəsində dünyanın aparıcı universitetlərində geniş istifadə olunan dərsliklərin müntəzəm olaraq Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyini qeyd edib.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək respublikada İKT profilli kadrların hazırlanması istiqamətində işlərin görülməsinin vacibliyindən danışıb. Akademik bu sahədə əldə olunmuş elmi-nəzəri nəticələrə dair məqalənin hazırlanmasını, seminar və dəyirmi masaların keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin ali təhsil ocaqlarında fəaliyyət göstərən İKT profilli mütəxəssislərin bir araya toplaşdığı konfransın keçirilməsinin önəmini diqqətə çatdırıb.