ELM VƏ TƏHSİL
“İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079268546385051907_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/140792685439094160_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda “İlham Əliyev strateji hədəfləri fəth edən yeni təfəkkürlü liderdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AMEA-nın İqtisadiyyat İnstitutu və “Xalq qəzeti”nin birgə təşkil etdikləri tədbirdə tanınmış alim və mütəxəssislər iştirak etmişlər.
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev dahi rəhbər, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışmış, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən alim Azərbaycanın çox sürətlə inkişaf etdiyini, dünyanın öndə gedən ölkələrindən biri olduğunu söyləmişdir.
Bildirilmişdir ki, yalnız 2003-2010-cu illərdə ümumi daxili məhsul real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır.
Alim mövzunun əhəmiyyətini də diqqətə çatdırmışdır.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdirləri, iqtisad elmləri doktorları Ağasəlim Ələsgərov, Tofiq Hüseynov, şöbə müdiri, dosent İlkin Soltanlı və digər alimlər də Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin əhəmiyyətindən danışmışlar.
Alimlər son illərdə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf dinamikasını təhlil etmiş, əldə olunan nailiyyətlərin dövlətimizin başçısı İlham Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirmişlər.
Tədbirdə professor İsa Alıyevin “Strateji hədəfləri fəth edən yeni təfəkkürlü lider” kitabının təqdimatı olmuşdur.