İlham Əliyevin seçkilərdə inamlı qələbəsi Naxçıvanda da bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur
Naxçıvan, 7 fevral, Gülməmməd Əliyev, AZƏRTAC
Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bütün ölkə ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhvali-ruhiyyəsində qeyd edilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında avtoyürüşlər keçirilir, minlərlə sakin küçə və prospektlərdə musiqi sədaları altında üçrəngli bayraqlarla qələbə şüarları səsləndirirlər.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.