İlin doqquz ayında Tərtərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 1,3 faiz artıb
Tərtər, 11 noyabr, AZƏRTAC
Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin 9 ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 138 milyon 469,2 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çoxdur. Məhsul və xidmətlərin 66,2 faizi istehsal sahələrinin, 33,8 faizi xidmət sahələrinin payına düşüb.
2021-ci ilin yanvar-sentyabr aylarında 9526,2 min manatlıq sənaye, 65 milyon 524,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 16 milyon 549 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. Bu dövrdə 45 milyon 279,3 min manatlıq ticarət və xidmət sahəsində, 963,8 min manatlıq nəqliyyat və anbar təsərrüfatı sahəsində, 626,6 min manatlıq informasiya və rabitə sahələrində xidmətlər göstərilib.