İlin əvvəlindən dövlət sərhədindən buraxılış məntəqələrində axtarışda olan 1344 şəxs saxlanılıb
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir. Bu ilin birinci rübündə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, İnterpolun axtarışında olan, həmçinin Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş 1344 şəxs dövlət sərhədindən buraxılış məntəqələrində müəyyənləşdirilərək saxlanılıb.
Dövlət sərhədindən saxta və özgəsinə məxsus sənədlərlə keçməyə cəhd edərkən saxlanılan 76 nəfərdən 29-u Azərbaycan Respublikası vətəndaşı olub. Həmçinin 47 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikası ərazisinə gəlmə və ölkə ərazisindən tranzit kimi istifadə etməklə Avropa ölkələrinə səfər etmə cəhdlərinin qarşısı alınıb. Gəlişinin məqsədini izah edə bilməyən 101 əcnəbi vətəndaş qanunsuz miqrant olması ehtimalı ilə arzuolunmaz şəxs qismində ölkə ərazisinə buraxılmayıb.
Bu dövrdə dövlət sərhədindən buraxılış məntəqələrində 29 nəfər əcnəbinin, o cümlədən Özbəkistanın 17, Tacikistanın 3, İranın 2, Qırğızıstanın 2, Qananın 2, Konqonun, İordaniyanın və Rusiyanın 1 vətəndaşının sərhədkeçmə sənədlərinin saxta olması müəyyənləşdirilib.
Azərbaycan Respublikası ərazisindən tranzit kimi istifadə etməklə saxta viza və yaşamaq barədə vəsiqələrlə Avropaya səfər etməyə cəhd edən 18 əcnəbi, o cümlədən Şri-Lankanın 8, Pakistanın 3, İranın 2, İraqın 2, Hindistanın 2, Konqonun 1 vətəndaşı saxlanılıb.
Bu müddət ərzində ölkəyə gəlmək məqsədlərini izah edə bilmədiklərinə görə 27 nəfər Özbəkistan, 20 nəfər Pakistan, 18 nəfər Hindistan, 8 nəfər Şri-Lanka, 5 nəfər Qırğızıstan, 4 nəfər İran, 4 nəfər Tacikistan, 3 nəfər Banqladeş, 2 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 2 nəfər İraq, 2 nəfər Əfqanıstan, 2 nəfər Qana, 1 nəfər Konqo, 1 nəfər Səudiyyə Ərəbistanı, 1 nəfər Suriya, 1 nəfər Misir vətəndaşı ölkə ərazisinə buraxılmayıb.