“İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” layihəsi həyata keçirilmişdir
Bakı, 19 oktyabr (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan Siyasi-İctimai Universiteti ilə birgə “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” layihəsini həyata keçirmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, artıq ikinci ildir baş tutan və maraqla qarşılanan layihənin əsas məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə edilməsidir.
Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış gəncləri xalqımızın zəngin mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, teatrın hərtərəfli imkanlarından yararlanaraq təhsil sisteminə müsbət təsir göstərmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək tədbirin əsas məqsədidir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının əhəmiyyətindən danışan rektor ötən 22 ildə dövlətimizdə demokratiyanın inkişafı sayəsində böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, ulu öndər Heydər Əliyev ideyalarının, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bizim mədəni və mənəvi rifahımızın yaxşılaşdırılmasına yönəldilmişdir. Dövlətimizin başçısının bütün sahələrlə yanaşı, təhsil sisteminə göstərdiyi diqqət və qayğı tələbələrin hərtərəfli tərbiyə və inkişafını təmin edən islahatların həyata keçirilməsində aydın nəzərə çarpır.
Akademik Teymur Bünyatov Azərbaycanın müstəqillik illərinin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəldiyi dövrə təsadüf etdiyini bildirərək, Ümummilli Liderin əvəzolunmaz xidmətləri sayəsində dövlətimizin bütün sahələrdə dünya arenasına çıxa biləcək şəkildə uğurla inkişaf etdiyini demişdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatı) Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Azərbaycan mədəniyyətinin, teatrının dünyaya inteqrasiyasında Prezident İlham Əliyevin sərəncamlarının əhəmiyyətini diqqətə çatdırmışdır. O, teatrın gənclərin dünyagörüşünün formalaşmasındakı rolunu vurğulamışdır.
Tədbirdə tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim edilmişdir.
Sonra universitetin müəllim və tələbə heyətinə Xalq Şairi Rəsul Rzanın “Ana qaz” tamaşası nümayiş etdirilmişdir. Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşada rolları Əməkdar Artist Kəmalə Hüseynova, aktyorlar Müşfiq Əliyev, Günel Məmmədova, Zümrüd Quliyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Səfiyev, Rasim Cəfərov, Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova və başqaları ifa etmişlər. Tərbiyəvi əhəmiyyət daşıyan birhissəli pantomim-tamaşa böyük mənəvi-estetik təsirə malikdir.
Tədbirin ssenari müəllifi və təşkilatçısı teatrın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova olmuşdur.