İMİŞLİDƏ SAHİBKARLARLA GÖRÜŞ VƏ KREDİT YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələr, sahibkarların problemləri, onların güzəştli kreditlərdən daha səmərəli istifadə etmələri və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdən əvvəl iqtisadi inkişaf naziri Fərhad Əliyev meyvə-tərəvəz şirələri buraxan “Araz”, quş əti və quş yemi istehsal edən “İmişlibroyler” məhdud məsuliyyətli cəmiyyətlərdə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini sahibkarlara çatdıran “Aqrointer” kredit ittifaqında istehsal və xidmətin vəziyyəti ilə tanış olmuş, bu müəssisələrin perspektivləri barədə fikir mübadiləsi aparmış, müvafiq tövsiyələr vermişdir. Nazirə məlumat verilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətlərdə istehsal genişləndirildikdən sonra işçilərin sayı müvafiq olaraq 92, 130, 142 və 160 nəfərə çatdırılacaqdır. Hazırda 108 üzvü olan kredit ittifaqı da öz fəaliyyətini genişləndirəcəkdir.
Sahibkarlığa Kömək Milli Fondunun sədri Qədir Hüseynov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin bütün bölgələrində uğurla yerinə yetirilir. 2003-cü il oktyabrın 1-dən ötən müddətdə Aran iqtisadi rayonunda 20 minə yaxın yeni iş yeri yaradılmışdır. Dövlətin sahibkarlığa maliyyə dəstəyinin ildən-ilə artması, kreditləşmə mexanizminin getdikcə təkmilləşməsi yeni iş yerlərinin açılmasında böyük rol oynamışdır.
Son 2 il 9 ayda Milli Fond sahibkarlığın inkişafına 140 milyard manatdan çox güzəştli kredit vermişdir. Bu vəsait hesabına maliyyələşdirilən sərmayə layihələrinin həyata keçirilməsi sayəsində 14 mindən artıq yeni iş yeri yaradılmışdır. Həmin müddətdə Aran iqtisadi rayonu üzrə 217 sahibkarlıq subyektinə 21,2 milyard manat güzəştli kredit verilmiş, 2 min 600-ə yaxın yeni iş yeri açılmışdır.
Görüşdə çıxış edən iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən geniş danışmışdır. Nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, regionların inkişafı ilə əlaqədar Proqramı bölgələrin inkişafına dövlət qayğısının bariz nümunəsi adlandırmışdır.
Görüş çərçivəsində sahibkarların maliyyə təminatını yaxşılaşdırmaq məqsədi ilə kredit yarmarkası təşkil edilmişdir. Regionlardan olan sahibkarların kredit təkliflərinə baxılmış, müraciətlərlə bağlı qərarlar qəbul olunmuşdur. Sonra müvəkkil banklarla sahibkarlar arasında bağlanmış kredit müqavilələrinin imzalanması mərasimi keçirilmişdir.
Sahibkarları və KİV nümayəndələrini maraqlandıran suallara cavab verilmişdir.