CƏMİYYƏT
İnfeksionist: Pandemiya hələ bitməyib
![İnfeksionist: Pandemiya hələ bitməyib](/files/2022/3/1200x630/16669587671656542907_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin son qərarı ilə Azərbaycanda karantin rejiminin müddəti gələn il yanvarın 1-dək uzadılıb. Müddətin uzadılması heç də təsadüfi deyil. Çünki hazırda dünyada pandemiya davam edir. Bəzi ölkələrdə omikron ştamının yeni alt variantları tapılır. Çox uzağa getməyək, qonşu ölkələrdən Rusiyada daha iki ştamın tapılması xəbəri də yayımlandı. Həm də yoluxanların sayında stabillik olsa da bu da nisbidir. Bir müddət artan tendensiya müşahidə edilir, sonradan azalma rəqəmlərini görürük. Az da olsa ölüm halları da qeydə alınır. Odur ki, Azərbaycan daxil bir sıra ölkələr vəziyyəti nəzarətdə saxlamaq üçün karantin rejimini hələ də tətbiq edirlər.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
Mütəxəssisin sözlərinə görə, digər xəstəliklər kimi COVID-19 virusu daim bizimlə olacaq: "Virusun ilk meydana gəldiyi vaxtlara baxanda onun yoluxuculuq qabiliyyəti daha zəifdir. İnsanlar yoluxsalar belə xəstəliyi daha yüngül formada keçirirlər. Lakin burada bir məqamı xüsusi vurğulamaq istərdim. Bu, o insanlara aiddir ki, onların hər hansı bir yanaşı xəstəliyi yoxdur və risk qrupuna aid deyillər. Yanaşı xəstəlikləri olanlar və risk qrupuna daxil edilənlər isə ehtiyatı əldən verməməyə davam etməlidirlər. Pandemiyanın əvvəlindən dönə-dönə tövsiyə edilən qaydalara riayət etmək məsləhət görülür. Pandemiya bütün dünyada hələ də bitməyib. Dəfələrlə qeyd edilib ki, koronavirusa qarşı ən əlverişli mübarizə üsulu vaksinasiyadır. Vaksinasiya prosesində ölkəmiz yetərincə aktiv iştirak edir. Peyvəndləmədən keçməyənlərə isə demək istərdim ki, hansısa xəstəliyin vaksininin tapılması böyük şansdır və bundan istifadə etsin, həmçinin üç qızıl qaydaya əməl etməklə özlərini xəstəlikdən qorusunlar. Payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşdiyini nəzərə alaraq hər kəsi məsuliyyətli davranış sərgiləməyə çağırıram".