ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konqresdə təmsil olunub
Bakı, 17 may, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi İsmayıl Sadıqov Türkiyənin Ankara Milli Kitabxanasında onlayn formatda keçirilən Mühəndislik və Təbiət Elmləri Tədqiqatları Beynəlxalq Konqresində iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə “Azərbaycan dilindəki mətnlər üçün söz tezliklərinə əsaslanan oxunabilirlik formulları” adlı məruzə ilə çıxış edən İ.Sadıqov tədqiqatın Azərbaycanda müvafiq mövzuya dair ilk elmi araşdırma olduğunu qeyd edib. O, “oxunabilirlik” anlayışı və termini, mətnlərin oxunabilirliyinə təsir edən amillər, formullar barədə ətraflı məlumat verib. Məruzəçi tədqiqat işində bəzi dünya ədəbiyyatı nümunələrinin orijinalının və onların Azərbaycan dilinə tərcümələrinin oxunabilirliyinin müqayisə edildiyini, eləcə də hazırlanmış metodika əsasında məktəb dərsliklərinin mürəkkəbliyinin və şagirdlərin yaş səviyyəsinə uyğunluğunun qiymətləndirilməsinin aparıldığını söyləyib. İ.Sadıqov elmi tədqiqatın nəticəsi olaraq, Azərbaycan dilindəki mətnlərin statistik göstəricilərinin və oxunabilirliyinin hesablanması üçün hər kəsin istifadəsinə açıq olan veb-saytın http://www.oxunabilir.az/ yaradıldığını diqqətə çatdırıb.
Sonda suallar cavablandırılıb.