İQTİSADİYYAT
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Veb-saytlarda elmi sosial şəbəkələrin aşkarlanması və analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev müzakirəyə çıxarılmış məsələnin elektron elmin tərkib hissəsi olaraq xüsusi əhəmiyyət daşıdığını, dünya səviyyəsində, eləcə də ölkəmizdə bu elmi istiqamətin yenilik olduğunu vurğulamışdır.
“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası” üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Fədai Gəncəliyev işin aktuallığını şərtləndirən əsas amilləri internetin ən böyük informasiya mənbəyi olması, məlumatların dinamik yenilənməsi, sosial şəbəkələrin tətbiq sahələrinin genişlənməsi, həmçinin qərar qəbul etmə prosesində mühüm rol oynaması haqqında məlumat vermişdir.
Sosial şəbəkələrin aşkarlanmasının əsas problemlərini nəzərə çatdıran F.Gəncəliyev elmi-tədqiqat mərkəzlərinin sosial şəbəkələrinin aşkarlanması məsələsinin ilk dəfə olaraq araşdırıldığını vurğulamışdır. Elmi məqalələrdə həm müəlliflik, yaxınlıq ölçüləri, ranqlaşdırma metodları, klasterləşdirmənin əsas problemləri, həlli metodları ilə bağlı ətraflı məlumat vermiş, alınan əsas elmi nəticələri təqdim etmişdir.
Təqdimatdan sonra iddiaçı alim və mütəxəssislərin sualları cavablandırılmışdır.
Opponentlər texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev və Vüqar Musayev çıxış edərək dissertasiya işi ilə bağlı rəy və təkliflərini bildirmiş, tövsiyələrini ifadə etmişlər.
Sonra elmi rəhbər texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək bir neçə mənbədən alınmış məlumat əsasında elmi tədqiqatçıların, eləcə də elmi-tədqiqat mərkəzlərinin sosial şəbəkələrinin aşkarlanması və sintezi üçün təklif olunmuş metodlara münasibətini bildirmişdir.
Müzakirələrdə iştirak edən texnika elmləri üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Bikəs Ağayev, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tofiq Kazımov və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndirmişlər.