İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqalələri “Web of Science” bazasına daxil edilib
Bakı, 2 may, AZƏRTAC
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyevin, direktor müavini Şakir Mehdiyevin və şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Neft-qaz komplekslərində əşyaların internetinin tətbiqinin bəzi məsələləri” məqaləsi “Web of Science” bazasına daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bazada, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Əşyaların internetinin neft-qaz sənayesində tətbiqi”, eləcə də Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablama buludlarında kloudletlərin seçilməsi məsələsi” məqalələri yer alıb.
Bundan əlavə, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və baş elmi işçi, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Virtual təşkilatlarda insan resurslarının fəaliyyətinin qiymətləndirilməsi metodları”, şöbə müdiri Səyyar Abdullayevin “Paylanmış kompüter sistemləri üçün şəbəkə mərkəzli resursların idarə olunması vasitəsilə ehtiyat resursların müəyyənləşdirilməsi metodu” və “Qeyri-xətti və qeyri-stasionar proseslərin modelləşdirilməsi metodologiyası” məqalələri bu bazaya daxil edilib.
Qeyd edək ki, bu məqalələr Bakıda IEEE təşkilatının dəstəyi ilə keçirilən VI Beynəlxalq Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma (COIA-2018) konfransının materiallarında dərc olunub.