ELM VƏ TƏHSİL
“İnsan hüquqları aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində tədbir təşkil edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17183772965007946697_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183772962475233779_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718377296180246584_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183772963337244231_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
“İnsan hüquqları aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində “Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda tədbir təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu insan hüquqlarının müdafiəsi və təşviqi üçün cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının və fərdlərin fəal iştirakının vacibliyini vurğulayıb. O, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində ciddi islahatlar aparıldığını, addımlar atıldığını qeyd edib və xüsusilə Konstitusiyamızın maddələrinin üçdəbir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu bildirib.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev “Müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu” mövzusunda çıxış edib. Bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, insan hüquqları beynəlxalq hüquq, milli qanunvericilik və digər hüquqi çərçivələr vasitəsilə qorunur və təmin olunur. Ə.Əliyev Azərbaycanda insan hüquqlarının təmin edilməsi və müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevlə bağlı olduğunu vurğulayıb, Prezident İlham Əliyevin insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətindən bəhs edib.
Tədbirdə, həmçinin qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) hər il mayın 18-dən iyunun 18-dək olan dövrü “İnsan hüquqları aylığı” elan edir. Bu müddət ərzində cəmiyyətin insan hüquqlarına dair məlumatlılığını artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etmək məqsədilə silsilə tədbirlər keçirilir. Bu cür tədbirlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.