İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TƏDRİSİN ƏSAS MÖVZUSUDUR
Aprelin 25-də Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Xanlar Hacıyev hakimliyə namizədlər qarşısında çıxış edərək, təmsil etdiyi qurumun strukturu, iş təcrübəsi və presedent hüququ barədə geniş məlumat vermiş, milli məhkəmələrin fəaliyyətində beynəlxalq hüquq normalarının, xüsusilə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayaraq, bu sahədə gələcək hakimlərə dəyərli tövsiyələr vermişdir.
Hakimliyə namizədlərlə beynəlxalq mütəxəssislərin silsilə xarakter almış növbəti görüşündə Avropa Ümumi Hüquq Mərkəzinin ekspertləri – yunanıstanlı professor İ.Stribis və xanım D.Kosmidis İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının tətbiqinə və məhkəmə etikasına dair mühazirələrlə çıxış etmişlər.
Həmin gün İ.Stribis və xanım D.Kosmidis ədliyyə nazirinin müavini, Avropa Ümumi Hüquq Mərkəzi Direktorlar Şurasının üzvü Toğrul Musayevlə görüşmüşlər. Nazir müavini hakimliyə namizədlərin cəlb olunduğu 5 aylıq hazırlıq kurslarına xüsusi diqqət yetirildiyini bildirmiş, gələcək hakimlərin zəruri biliklərə və praktiki vərdişlərə yiyələnməsində bu tədrisin əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, qonaqların hakimliyə namizədlər qarşısında hazırkı çıxışları Avropa Ümumi Hüquq Mərkəzi ilə Azərbaycan Ədliyyə Nazirliyinin ölkəmizdə birgə həyata keçirdiyi qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək layihəsi çərçivəsində ilk tədbirdir.
Yunanıstanlı mütəxəssislər, həmçinin Konstitusiya Məhkəməsi aparatının işçiləri qarşısında mühazirə ilə çıxış etmişlər.