İnsanlar qaydalara əməl etməsə, koronavirusa yoluxanların sayı yenidən arta bilər
Astara, 30 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejimi, eləcə də digər qabaqlayıcı tədbirlər infeksiyanın geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynadı. Buna baxmayaraq, pandemiya ilə mübarizə hələ başa çatmayıb. Xüsusi karantin rejiminin yumşaldılması insanlarda arxayınlıq yaratmamalıdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Astara rayon şöbəsinin sədri Rafiq Əliyev bildirib.
O qeyd edib ki, koronavirus pandemiyasının başlanğıc dövründə olduğu kimi, bu günlərdə də hər kəs qaydalara tam əməl etməlidir: “Xüsusi karantin rejimi müəyyən qədər yumşaldılıb, insanlar qaydalara əməl etməsə virusa yoluxanların sayında yenidən artım ola və prosesin ikinci dalğası başlaya bilər. COVID-19 infeksiyası ilə mübarizə uzunmüddətli prosesdir. Ona görə də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına və tövsiyələrinə, xüsusi karantin rejimi qaydalarına daha ciddi riayət olunmalı, "Evdə qal!" çağırışına əməl edilməlidir”.