İNSANLARA NUR PAYLAYAN NURLU İNSAN
AZƏRTAC xəbər verir ki, aprelin 28-də “Bakı kondisioneri” ASC-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyi münasibətilə anım günü keçirilmişdir.
Zərifə xanım Əliyevanın ASC-də bu gün də fəaliyyət göstərən muzey kabinetinə gələn tədbir iştirakçıları yubilyarın xatirəsini hörmətlə anmış, şəkli önünə çiçək dəstələri qoymuşlar.
“Bakı kondisioneri” ASC-nin, N.Nərimanov rayonu icra hakimiyyəti aparatının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə ASC-nin idarə heyətinin sədri Vaqif Heydərov, icra hakimiyyəti başçısının birinci müavini Hafiz Məmmədov və başqaları görkəmli alim, gözəl insan, peşəsi ilə həmişə insanların xidmətində dayanmış, onlara nur paylamaqdan zövq almış nurlu insanın həyat və fəaliyyətindən danışmışlar.
Natiqlər bildirmişlər ki, 1976-1982-ci illərdə Bakı Məişət Kondisionerləri zavodunda fəaliyyət göstərən göz-peşə xəstəlikləri mərkəzi laboratoriyasında çalışmış Zərifə xanım Əliyeva elmi titullarına, cəmiyyətdəki yüksək ictimai mövqeyinə rəğmən öz sadəliyi ilə daim seçilmişdir. Yorulmaq bilməyən tədqiqatçı-alim, ümummilli lider Heydər Əliyevin vəfalı ömür yoldaşı, sadiq dostu və silahdaşı, övladları üçün qayğıkeş ana olan Zərifə xanım əsl insanpərvərlik nümunəsi olmuşdur.
Zərifə xanım Əliyeva göz-peşə xəstəliklərinə qarşı aparılan müalicəvi və profilaktiki tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir.
Çoxillik müşahidələrin və tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqlar tərəfindən bu sahədə ilk elmi işlərdən biri kimi yüksək qiymətləndirilmişdir.
Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.
1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişlənmişdir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyaının müəllifi olmuş, 12 səmərəli təklif irəli sürmüşdür.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Tədbirdə böyük alim, gözəl insan Zərifə xanımın xatirəsinin xalqımız tərəfindən həmişə əziz tutulacağı vurğulanmışdır.
######
