MƏDƏNİYYƏT
İNSTİTUT ALMANİYADA “BU GÜNÜN QAFQAZ AMAZONLARI” ADLI MÜSABİQƏ KEÇİRİR
Bakı, 4 aprel (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu beynəlxalq müsabiqə elan etmişdir. İnstitutun direktoru Nuridə Atəşi bildirmişdir ki, müsabiqənin məqsədi Qafqaz qadınlarının həmrəyliyini nümayiş etdirmək, Qafqazda genderin vəziyyətini müsabiqə vasitəsilə öyrənmək , onunla bağlı problemləri aradan qaldırmaq, mədəni, sosial yaxınlaşmağa nail olmaq və Qafqazda sülhə, əmin-amanlığa töhfə verməkdir.
“Bu günün Qafqaz Amazonları” adlanan müsabiqədə yalnız qadınlar- dilindən, dinindən, irqindən asılı olmayaraq bütün Qafqaz xalqlarının nümayəndələri iştirak edə bilərlər. Seçilən nominantların adları alman və ingilis dillərində xüsusi yaradılmış “Amazon” saytına yerləşdiriləcəkdir. Amazonlar haqqında çəkiləcək beynəlxalq filmdə iştirak etmək şansı qazananlar, Qafqaz Amazonları haqqında alman dillində yazılacaq kitabda da yer alacaqlar.
Müsabiqəyə Qafqaz Amazonları haqqında yazılmış elmi məqalələr də qəbul edilir. Ən yaxşı məqaləyə görə pul mükafatı təqdim olunacaq və yazı Almaniyada nəşr ediləcəkdir. Bundan başqa, qaliblər Almaniyanın Berlin şəhərində keçiriləcək “Bu günün Qafqaz Amazonları” final müsabiqəsinə dəvət ediləcək, qaliblər bürüncdən düzəldilmiş qalib Amazon simvolu olan heykəlciklə mükafatlandırılacaqlar. Müsabiqədə iştirak etmək istəyən qadınlar özlərinin, analarının, nənələrinin həyatı, mübarizələri, arzuları, xəyalları barədə yaza bilərlər. Qalibləri Almaniyada 12 nəfərdən ibarət münsiflər heyəti seçəcəkdir.
N.Atəşi açıqlamasında Amazonların mənşəyi ilə bağlı mübahisələrdən də söz açmışdır.
O, müsabiqədə iştirak etmək arzusunda olanların yazıları ilə yanaşı, fotolarını və əlaqə ünvanlarını da təqdim etməli olduqlarını bildirmişdir. Məktublar 2009-cu il aprelin 1-dən dekabrın 1-dək Azərbaycan və rus dillərində aşağıdakı ünvana göndərilməlidir.
Kultur Institut-Aserbaidschan,
Büro: Buschgrabenweg 10
14165 Berlin-Zehlendorf
tel.49 30 80 90 75 91
fax:49 30 40 63 69 45
www.aserbaidschanische-kultur.de
E-mail: [email protected]