İordaniyanın nüfuzlu kütləvi informasiya vasitələrində Xocalı soyqırımından bəhs edilir
Əmman, 26 fevral (AZƏRTAC). İordaniyanın nüfuzlu “Əd-Düstur” qəzetində və “Uruba” xəbər agentliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin keçirdiyi tədbir haqqında geniş məqalələr yer almışdır.
Məqalələrdə bildirilmişdir ki, Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi Xocalı soyqırımının ildönümünü yad edir. Xocalıda törədilmiş kütləvi qırğın nəticəsində 613 nəfərin öldürüldüyü, 150 nəfərin itkin düşdüyü və digər statistik məlumatlar diqqətə çatdırılır.
Qeyd edilmişdir ki, İordaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin və iordaniyalıların iştirak etdikləri tədbirdə səfir Sabir Ağabəyov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmiş Xocalı qətliamını soyqırımı kimi qiymətləndirmiş və dünya ölkələrini bu hadisələri müharibə cinayəti kimi tanımağa, erməni qəddarlığını pisləməyə çağırmışdır.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat Xocalıda baş verənlərin statistikasının, o cümlədən yüzlərlə insanın həlak olmasının, minlərlə insanın isə didərgin düşməsinin faciənin ölçülərini təsəvvür etməyə imkan verdiyini diqqətə çatdırmışdır.
Məqalədə Saleh Ruşeydatın Xocalı faciəsinin Azərbaycan xalqının həyatına təsirindən danışması və cinayətin icraçılarını ittiham etməsi xüsusilə vurğulanmışdır.
Digər çıxış edənlərdən yazıçı-publisist Sultan Həttab, keçmiş SSRİ və MDB ölkələri məzunlarının “İbn Sina” Cəmiyyətinin sədri S.Tval, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin azərbaycanlı qadınlar komitəsinin sədri Zümrüd Dadaşova işğal altında yaşayan və zülm görmüş bütün xalqlar üçün ədalətin bərqərar edilməsinin və Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin ədalətli qiymət verməsinin əhəmiyyətini qeyd etmişlər.
Yazılarda, həmçinin Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış filmin nümayiş etdirilməsi də nəzərə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman