İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Babayev Azərbaycan Prezident İlham Əliyevin ABŞ-a bu günlərdə başa çatmış rəsmi səfəri zamanı keçirilən görüşlərin ikitərəfli əlaqələrin inkişafında böyük əhəmiyyətini vurğulamışdır. O, ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən transmilli layihələrdə fəal iştirakını xatırlatmış, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında, eləcə də dünya bazarına sərbəst çıxışını təmin edəcək Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsində rolunu qeyd etmişdir.
Frank Mermoud Azərbaycan Respublikası Prezidentinin ABŞ-a səfərinə ölkəsində böyük önəm verildiyini və onun iş adamları ilə görüşdəki çıxışının gözəl təəssürat doğurduğunu, respublikamızın iqtisadi imkanlarının təqdimatının işgüzar dairələrdə Azərbaycan iqtisadiyyatına marağı daha da artırdığını bildirmişdir.
Qonaq ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə toxunaraq, Azərbaycanda Xarici Biznes Məsləhət Şurasının yaradılmasını təklif etmiş və onun iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını vurğulamışdır.
Frank Mermoud naziri ABŞ-a səfərə dəvət etmiş və bunun ABŞ iş adamlarının Azərbaycanın qeyri-neft sektorunda mövcud imkanlarla bağlı daha ətraflı məlumatlandırılması baxımından əhəmiyyətli olacağını demişdir.