ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir
![](/files/galleryphoto/2024/2/1200x630/17183736984747422073_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718373698190727893_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183736981983121643_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718373698287857055_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) elan etdiyi “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Ombudsman tərəfindən hər il mayın 18-dən iyunun 18-dək ölkə ərazisində “İnsan hüquqları aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir.
İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Pərviz Həsənov çıxışında insan hüquq və azadlıqlarının qorunmasında həmkarlar hərəkatının rolu, işəgötürənlərin və işçilərin hüquq və vəzifələrindən bəhs edib. İnstitutun hüquqşünası Xəyal Feyzullayev isə insan hüquqları sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, Azərbaycanda insan hüquqları, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər yerli və beynəlxalq əhəmiyyətli sənədlər barədə danışıb.
Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.