İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) AMEA-nın İqtisadiyyat İnstitutunun ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
Yığıncaqda Vətən müharibəsində şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət, xalq və ordunun birliyinin əhəmiyyətindən, YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolundan danışıb.
İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük və tarixi Qələbədən sonra ölkəmizdə və regionda yeni reallıqların yarandığını qeyd edib. O, ölkə iqtisadiyyatının inkişafının elmi əsaslarının yaradılması istiqamətində institutun əməkdaşlarının üzərlərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıb. Hazırda institutun bir sıra dövlət orqanları ilə fəal əməkdaşlıq etdiyini, müvafiq dövlət proqramlarının hazırlanılmasına cəlb edildiyini bildirən baş direktor institutun nəzdində yaradılan Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.
İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının sədri dosent Aqil Eyvazovun Yeni Azərbaycan Partiyasının VI qurultayından sonra ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Habelə təşkilati məsələlərə baxılıb. Partiya üzvlərinin səsverməsi ilə Aqil Eyvazov İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının sədri, dosent Vüqar Bayramov sədrin müavini seçilib.