İqtisadiyyat Nazirliyi elmi məqalə müsabiqəsi elan edib
Bakı, 13 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim ediləcək materiallar "Yeni dövrün iqtisadi çağırışları. İqtisadi islahatlar", "Made in Azerbaijan" brendinin təbliği", "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" mövzularından birini əhatə etməlidir.
Müsabiqədə hazırda bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.
Məqalələr mayın 1-dək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə [email protected] ünvanına təqdim edilməlidir.
Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən mayın 10-dək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.
Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1004-cü otaq, tel: 493-88-67 (daxili 20-45) əlaqələndirici şəxs Vüsalə Quliyeva).