İRAN MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ AŞIQLAR BİRLİYİNİN TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da İran Mədəniyyət Mərkəzində İranın Azərbaycandakı səfirliyinin dəstəyi, Aşıqlar Birliyinin təşkilatşılığı ilə “Sarıteli bir də çalın” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
İranın Azərbaycandakı səfirinin müavini Hadi Şeyx Qafuri soy kökü, milli adət-ənənələri, musiqisi, xüsusilə də müştərək saz-söz sənəti ilə bir-birinə bağlı olan xalqlarımıznın mənəvi birliyindən danışmışdır. Natiq qeyd etmişdir ki, hər iki xalqın nümayəndələri sazı göz bəbəyi kimi qorumuş, bu günədək yaşatmışlar.
Əməkdar incəsənət xadimi, tanınmış şair İlyas Tapdıq Azərbaycan saz sənətindən söhbət açmışdır.
Aşıqlar Birliyinin sədri Zümrüd Əsgərqızı İran Mədəniyyət Mərkəzində mütəmadi olaraq İran və Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini, bu ölkələrin aşıqlarının birgə konsertlərinin təşkilini, iki qonşu xalq arasında mədəni əlaqələrin genişlənməsinə mənəvi dəstək verildiyini bildirmişdir. O, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın aşıq sənətinə qayğısından, onun təşəbbüsü ilə bu sənətin YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri siyahısına daxil edilməsindən də razılıqla danışmışdır. Zümrüd Əsgərqızı Aşıqlar Birliyinin də sənət adamlarına dəstək verdiyini, hər zaman onların yanında olduğunu bildirmişdir.
İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Ocaq Nejat xalqlarımız arasında qardaşlıq, dostluq və mədəniyyət əlaqələrinin inkişafında xidmətlərinə görə Zümrüd Əsgərqızına diplom təqdim etmişdir.
Tədbirin sonunda aşıqlar-Altay Məmmədli, Qələndər Zeynalov, Dəmir Vəliyev və başqaları aşıq mahnıları ifa etmişlər.