İRAN PREZİDENTİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
İran Prezidenti ölkələrimiz arasında münasibətlərin genişlənməsinin əhəmiyyətini vurğulamış, bunun üçün heç bir maneə və məhdudiyyətin olmadığını bildirmişdir. Onun sözlərinə görə, Bakıdakı zirvə toplantısı çox uğurlu keçdi. İƏT-in genişlənməsi əmin-amanlıq və sülh üçün faydalı olardı. Prezident tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etmişdir.
O, Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ilə keçirdiyi görüşlərə toxunaraq demişdir ki, iki qardaşımız və tərəfdaşımızla müxtəlif məsələlərdən danışdıq, regional, ikitərəfli, beynəlxalq, iqtisadi, mədəniyyət problemlərini müzakirə etdik. Regiondakı ölkələr dost və qardaşdır. Bizim əməkdaşlığımız regional təhlükəsizliyin ən mühüm təminatıdır.
Prezident Əhmədinejad beynəlxalq təşkilatlar barədə suala cavabında bildirmişdir ki, onlar millətlərin hüququnu qorumaq üçün yaranıb, qərarları beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Onlar iki-üç ölkənin istəyinin ifadəçisi olmamalıdır.
Ölkəsinin nüvə proqramından danışan Prezident demişdir ki, İranın nüvə proqramı dinc məqsəd daşıyır, hansı ölkədə müvafiq texnologiya varsa, biz onunla əməkdaşlığa hazırıq.
Mahmud Əhmədinejad bir daha ölkələrimizin əlaqələrindən danışaraq demişdir ki, biz Azərbaycan millətini özümüz üçün dost və qardaş bilirik. İki ölkənin xalqları dost və qardaşdır. Azərbaycanın təhlükəsizliyi və inkişafını İranın təhlükəsizliyi və inkişafı hesab edirik. Mən bütün vücudumla Azərbaycan xalqını sevirəm. Mən Azərbaycan dilini istəyib sevdiyim üçün mükəmməl öyrənmişəm. Bu dili öyrəndiyimə görə çox şadam.