İrana qarşı sanksiyaların siyahısı daha da genişlənib
Tehran, 2 may AZƏRTAC
ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha da genişləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Maliyyə Nazirliyinə istinad edərək İran mətbuatı yayıb. Qeyd olunub ki, ABŞ İranın “Taif Mining Services” adlı dağ-mədən işləri ilə məşğul olan iri şirkətini və şirkətin sahibi Əmir Dəyanətin adlarını sanksiyalar siyahısına əlavə edib. ABŞ Maliyyə Nazirliyi “Taif Mining Services” şirkəti ilə əməkdaşlıq əlaqələrinin kəsilməsini istəyib. Əks təqdirdə İrana məxsus şirkətlə əlaqəsi olan digər beynəlxalq şirkətlərin, eləcədə dövlətlərin ABŞ banklarındakı hesabları dondurula bilər.
Nəzərə çatdırılıb ki, şirkətin sahibi Ə.Dəyanət İran ilə yanaşı, həm də İraqın vətəndaşıdır və İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli fəaliyyət göstərir. İranın əsas silahlı qüvvəsi olan “Sepah” isə ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Artıq Vaşinqtonun Kolumbiya dairəsinin prokurorluğu şirkətə və onun rəhbərinə qarşı cinayət işi açıb. “Taif Mining Services” şirkəti və onun rəhbəri Ə.Dəyanət, ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən silah qaçaqmalçılığında, çirkli pulların yuyulmasında və ABŞ-ın sanksiyalar rejimini pozmaqda ittiham edilir. Prokurorluq şirkətin 12 milyon dollar həcmində aktivlərinin müsadirə olunmasını da tələb edir.
İran rəsmiləri ABŞ-ın bu addımına hələlik münasibət bildirməyiblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran