DÜNYA
İranın Ali Rəhbəri: Baş verən hadisələr İranın daxilindəki narazılıqların nəticəsi deyil
![İranın Ali Rəhbəri: Baş verən hadisələr İranın daxilindəki narazılıqların nəticəsi deyil](/files/2022/3/1200x630/16655824095403754311_1200x630.jpg)
Tehran, 12 oktyabr, AZƏRTAC
Baş verən hadisələr İranın daxilindəki narazılıqların nəticəsi deyil. İrana düşmən olan qüvvələrin təbliğatının, insanların şüuruna təsir etmək imkanlarının, iğtişaş yaratmaq bacarığının nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi İranın Mənafeyinin Mühafizə Şurasının üzvləri ilə görüşündə deyib. O bildirib ki, İran xalqı məşəqqətli yollardan keçərək İslam ideyalarını qoruyub saxladı. Ərbein mərasimində milyonlarla insanın iştirak etməsi düşmənləri qorxutdu və bu səbəbdən də İranda iğtişaş yaratdılar.
Aksiyaçılar barədə danışan Ali Rəhbər qeyd edib ki, onlar ya casusdular, ya da casuslarla əlaqəsi olan və aldadılan adamlardır. Aldadılan adamlarla mədəni iş aparmaq lazımdır. Onlara həqiqəti anlatmaq lazımdır. Lakin casuslarla hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdırlar.
Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən baş örtüyünü düzgün örtmədiyinə görə polis şöbəsində zorakılığa məruz qalması və xəstəxanada ölməsi İranın bütün şəhərlərində etirazlara səbəb oldu. Sentyabrın 16-dan başlayan etiraz aksiyaları bu gün də davam edir. İlk günlər kütləvi aksiyalar sakit keçirdi. Lakin sonradan böyük şəhərlərdə insanlar bankları və mağazaları dağıdıb talamağa başladılar. Tehranda, Rəştdə, Kirmanda və digər şəhərlərdə polis və təcili tibbi yardım maşınları yandırıldı. Sistan-Bəlucistanda isə polis şöbəsinə basqın edib 1 nəfər polis zabitini qətlə yetirdilər. Hadisələrin dərinləşdiyini görən təhlükəsizlik qüvvələri hərəkətə keçdilər. Hər axşam yüzlərlə aksiyaçı saxlanılsa da, onların çoxu səhəri gün azadlığa buraxılır. Həbs olunanlar arasında 30-dan çox jurnalist var. Baş Prokurorluq 60-dan çox cinayət işi açıb. Xarici dövlətlərin 9 vətəndaşı da həbs edilib. Onların iğtişaşlarda iştirakı müəyyən edilir.
Bu gün də Tehranda kütləvi aksiya gözlənilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran