İRAQDA İNSAN BEYNİ ALVERÇİLƏRİ İFŞA EDİLMİŞDİR
Beləliklə, “Əl-Həyat” qəzetinin yazdığı kimi, hələ qurtarmayan müharibənin qurbanları o dünyada da dinclik tapa bilmirlər.
“Beyin ovçuları” onlarca ailənin sığınacaq tapdığı Bağdad qəbiristanlarında fəaliyyət göstərirlər. “Əl-Həyat”ın məlumatına görə, onlar İraqda baş alıb gedən zorakılıqdan burada gizlənirlər. Polis leytenantı, “Əl-Səkran” qəbiristanını qoruyan patrulun rəisi demişdir: “Bu yaxınlarda qəbiristan qarovulçuları üç oğrunu tutmuşlar. Onlar iki gün əvvəl torpağa tapşırılan bir gəncin cənazəsini oğurlamağa cəhd göstərmişlər. Bu üçlük yaxalanana qədər bir qəbiri yararaq, mərhumun başı altına mumlu kasa qoymuş və beyinin axması üçün qafa tasında oyuq açmışlar.
Ərəb qəzeti müxbirinin söhbət etdiyi qəbiristan xidmətçisi demişdir: “Beyini cadugərlərə satırlar. Onlar dönərli valyuta ilə yaxşı pul ödəyirlər. Yaxınlarda ölmüş adamın bir qaşıq beyni üçün min dollar ödəməyə hazırdırlar. Çünki özləri böyük qazanc götürürlər”.
Təəssüf ki, söhbət ayrı-ayrı faktlardan getmir. “Əl-Səkran”ın “sakinlər”indən biri bildirmişdir ki, “ardı-arası kəsilməyən bu qəbil cinayətlər məzarları talançılardan qorumaq üçün xüsusi gözətçi briqadaları yaratmağa vadar etmişdir. Məzarları murdarlayanlar mərmər başdaşlarını oğurlamaqla kifayətlənmir, maqlara və cadugərlərə satmaq üçün mərhumların bədən hissələrini də kəsib aparırlar”.