“İRS” JURNALINDA AZƏRBAYCANIN TARİXİ VƏ MƏDƏNİYYƏTİNDƏN SÖHBƏT AÇILIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “İrs-Naslediye” beynəlxalq jurnalının Moskvada çıxan növbəti nömrəsində erməni təbliğat maşınının onilliklər boyu dünya ictimaiyyətini inandırmağa çalışdığı uydurma erməni soyqırımı haqqında ingilis dilində arxiv materialı dərc olunmuşdur. Jurnalın baş redaktoru Musa Mərcanlı redaksiya məqaləsində göstərir ki, 1915-ci ilin faciəli hadisələri haqqında erməni mənbələri araşdırılarkən məlum olur ki, burada vahid mövqe yoxdur. Müxtəlif versiyalar, statistik göstəricilər irəli sürülür, sübuta yetirilmiş faktlar isə yoxdur. Musa Mərcanlı yazır: “Lakin biz ümid edirik ki, mərkəzləşdirilmiş və qərəzsiz elmi tədqiqatlar aparmaq, arxivləri açmaq yolu ilə bu mifi ifşa etmək mümkündür. Rusiyada və MDB-də geniş auditoriyası olan jurnalımız həmin problemi bundan sonra da diqqət mərkəzində saxlayacaqdır”.
Qeyd etmək lazımdır ki, “İrs” jurnalı son vaxtlar müxtəlif mövzularda silsilə məqalələr dərc etməyə başlamışdır. Azərbaycanın numizmatikası haqqında silsilə məqalələr bir daha təsdiq etmişdir ki, Azərbaycan qədim dövlətdir, ermənilər isə Qafqazda nisbətən yaxın vaxtlarda məskunlaşmışlar, əvvəllər burada erməni dövlətləri olmayıb. Milli azlıqlar haqqında silsilə məqalələr də oxucuların böyük marağına səbəb olur, Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri olan milli və dini tolerantlığı nümayiş etdirir.
Jurnalda miqrasiya məsələlərinə həsr edilmiş rubrika da davam edir. Rubrikanı Azərbaycan XİN-in Konsul İdarəsinin konsul və hüquqi məsələlər şöbəsinin müdiri Rəşad Məmmədov aparır.
Jurnalın bu nömrəsində xalqımızın zəngin mədəniyyətindən və tarixindən söhbət açan “Faşizm üzərində qələbədə Azərbaycanın rolu”, “İçərişəhər” Bakının akropoludur”, “Qədim Bakının arxitekturası”, “Daş üzərində poeziya”, “Böyük irsin qayıdışı” məqalələri də yer almışdır.