İŞĞAL EDİLMİŞ AZƏRBAYCAN TORPAQLARINDA ERMƏNİLƏRİN EKOLOJİ TERRORU
Nazirlikdə işğal olunmuş Cəbrayıl rayonunda ermənilərin törətdikləri dağıntılar barədə videomateriallar da var. Karxulu kəndi tamamilə viran edilmiş, kənd qəbiristanında məzar daşları sındırılmış və qarət olunmuşdur. Aparılmış müşahidələr və şahidlərin ifadələri Maralyan, Mərcanlı, Mehdili, Çaxırlı, Mahmudlu stansiyalarının, evlərin tamamilə dağıdıldığını, yollar boyunca və həyətlərdə əkilmiş qiymətli qoz ağaclarının dibindən kəsildiyini, Araz vadisində ətrafı yaxşı müşahidə etmək üçün bütün ağacların yandırıldığını sübut edir. Rayonun ərazisindəki respublika və yerli əhəmiyyətli 120-dək qədim memarlıq abidəsi yerlə-yeksan olunmuş, geniş ərazilərdə qiymətli ağac meşələri məhv olunmuşdur. Ermənilər yerli tikinti materialları yataqlarının, Diridağın nadir flora və faunası ilə fərqlənən guşələrini, habelə minerallarla zəngin olan içməli su qaynaqlarını dağıtmışlar. Əsirlikdən azad edilmiş sakinlər deyirlər ki, rayonun ərazisindəki çoxsaylı qoz ağacları kəsilir və Ermənistana göndərilir.