İSLAM TAPDIQ OĞLU RZAYEV
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İslam Tapdıq oğlu Rzayev 2008-ci il yanvar ayının 26-da ömrünün 74-cü ilində vəfat etmişdir.
İslam Rzayev 1934-cü il noyabr ayının 11-də Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, ilk təhsilini başa vurduqdan sonra Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olmuşdur. İslam Rzayev burada ustad sənətkar Seyid Şuşinskinin sinfində xanəndəlik sənətinin sirlərinə dərindən yiyələnmişdir. Bu dövrdə onun bir müğənni kimi yetişməsində görkəmli ifaçılardan Zülfi Adıgözəlovun və Həqiqət Rzayevanın böyük təsiri olmuşdur. İslam Rzayev daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. İfaçılıq sənətinə gənc yaşlarından başlayan müğənni uzun illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. “Muğam Teatrı”nın yaradıcılarından biri olan İslam Rzayev 1988-ci ildən ömrünün sonunadək burada bədii rəhbər kimi fəaliyyət göstərmişdir.
Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi və layiqli davamçısı olan İslam Rzayev nadir istedadı və böyük zəhmətsevərliyi sayəsində qısa müddətdə mahir müğənni kimi tanınmış və dinləyicilərin məhəbbətini qazanmışdır. O, öz sələflərinin sənət ənənələrini lazımınca yaşatmış, bütün yaradıcılığı boyu muğamın klassik ifa tərzinin qorunub saxlanmasına çalışmış və bu sahədə böyük xidmətlər göstərmişdir. Xalq musiqisinin incəliklərini dərindən duyan İslam Rzayev milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardandır. O, qədim tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq, onun inkişafına mühüm töhfələr vermişdir.
Əhatəli və çoxşaxəli yaradıcılığı ilə seçilən İslam Rzayev geniş diapazonlu, məlahətli və zəngin çalarlı ecazkar səs tembrinə malik sənətkar idi. Onun böyük məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olmuşdur. Müğənninin ifasında səslənən xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Dinləyicinin daxili aləminə nüfuz edərək onda güclü emosional təsir yaratmaq bacarığı, muğam aləminin daxili qanunauyğunluqlarına bələd olması və incə musiqi duyumu İslam Rzayevin sənətini fərqləndirən mühüm xüsusiyyətlərdən idi. Daim muğam qaynaqlarından bəhrələnən, öz dəst-xətti ilə seçilən və təkrarolunmaz ifa üslubu ilə yadda qalan müğənninin zəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən olduqca yüksək qiymətləndirilmişdir. Onun uzun bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərməkdən ibarət olmuşdur.
İslam Rzayev dünyanın 80-ə yaxın ölkəsində Azərbaycan musiqi mədəniyyətini böyük uğurla təmsil etmiş və respublikamızın hüdudlarından çox-çox uzaqlarda müxtəlif səhnələrdəki çıxışları ilə milli musiqimizə geniş şöhrət qazandırmışdır.
İslam Rzayevin sənətə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün örnək təşkil edir. Onun muğam ənənələrinin yaşadılması naminə gənc muğam ustalarının yetişdirilməsində özünəməxsus xidmətləri vardır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan ustad xanəndənin muğam sənətinin incəliklərini aşıladığı çoxsaylı yetirmələri beynəlxalq festivalların, müsabiqələrin qalibi adını qazanmış və bu gün də sənət yollarında böyük uğurlar əldə edirlər.
Azərbaycan musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə İslam Rzayev bir sıra mükafatlara layiq görülmüşdür. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış sənətkar, gözəl pedaqoq və təvazökar insan İslam Tapdıq oğlu Rzayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Əbülfəs Qarayev,
Mehriban Əliyeva, Zeynəb Xanlarova,
Siyavuş Kərimi, Tükəzban İsmayılova,
Əlibaba Məmmədov, Arif Babayev,
Canəli Əkbərov, Qədir Rüstəmov,
Tələt Qasımov, Səkinə İsmayılova,
Alim Qasımov.