İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
İsmayıllı, 23 aprel, AZƏRTAC
Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri ilə İsmayıllı arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında müqavilə çərçivəsində 11 nəfərdən ibarət nümayəndə heyəti İsmayıllıda səfərdədir. Nümayəndə heyətinə Özbəkistanın Nazirlər Kabineti yanında xarici ölkələrlə millətlərarası və dost münasibətləri komitəsi şöbəsinin müdiri Bekov Feruz, Riştan meri Tavakaljon Rəhimov, Fərqanə Rayon Hökumətinin mətbuat katibi, rayon hakimiyyətinin Mətbuat Mərkəzinin rəhbəri Abdusalom Siddikov, habelə elm xadimləri və iş adamları daxildirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, özbəkistanlı qonaqlar aprelin 22-də rayon icra hakimiyyətinin qarşısında gül-çiçəklə qarşılanıblar. Qonaqlar şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq, Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Mirdaməd Sadıqov Azərbaycanın, o cümlədən onun bir parçası olan İsmayıllının sosial-iqtisadi inkişafından, əldə edilən nailiyyətlərdən ətraflı danışıb. O, İsmayıllı ilə Riştanın “Qardaşlaşmış şəhərlər” statusunu almalarının hər iki ölkənin qardaşlıq, mədəni və elmi əlaqələrinin dərinləşməsinə töhfə verəcəyini söyləyib.
Özbəkistanlı qonaqlar səfərin qarşılıqlı əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini bildiriblər. Vurğulanıb ki, Özbəkistanın keramika paytaxtı hesab edilən Riştan Böyük İpək yolunun üzərində yerləşməklə, Fərqanə vadisinin qədim şəhərlərindən biridir.
Görüşdə Milli Məclisin deputatı Tahir Kərimli, professor, arxeologiya üzrə mütəxəssis Qafar Cəbiyev çıxış edib, Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrindən danışıblar.
Sonra İsmayıllı və Riştan şəhərləri arasında əməkdaşlıq haqqında sazişin qarşılıqlı imzalanma mərasimi olub.
Rayondakı Heydər Əliyev Mərkəzinə gələn qonaqları musiqiçilər qarşılayıblar. İki saylı körpələr evi-uşaq bağçasının 4 yaşlı sakini Ləman Lətiflinin özbək mahnısının sədaları altındakı rəqsi nümayəndə heyətinin üzvlərində xoş təəssürat yaradıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlar ayrı-ayrı guşələrdə İsmayıllı keramika ustalarının hazırladıqları sənət nümunələri, kiçik yaşlı rəsm həvəskarlarının çəkdikləri şəkillərlə tanış olublar.
Sonra Heydər Əliyev Mərkəzində seminar keçirilib, İsmayıllı-Riştan qardaşlıq əlaqələrinin genişləndirilməsi yolları müzakirə edilib.
Daha sonra qonaqlar şəhərin Heydər Əliyev prospektindəki Qala divarlarının qarşısında ağac əkiblər.
Aprelin 23-də Özbəkistan nümayəndə heyəti İsmayıllıda keçirilən muğam müsabiqəsini izləyiblər.
Səfər aprelin 25-dək davam edəcək.