ELM VƏ TƏHSİL
İsmayıllı məktəbliləri ilk dəfə Yaponiyaya səfərə gəliblər
Tokio, 1 avqust (AZƏRTAC). Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış İsmayıllı rayonundan olan bir qrup şagird ilk dəfə bu ölkəyə gəlib. Səfər ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında imzalanmış Dostluq mübadiləsi haqqında sazişə əsasən baş tutub.
İsmayıllı rayonunun 1 və 6 nömrəli tam orta məktəblərinin 6 şagirdini Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov müşayiət edir.
Səfərin ilk iki günündə azərbaycanlı şagirdlər Tokionun görməli yerləri ilə tanış olub, Azərbaycanın Yaponiyadakı səfirliyinə baş çəkiblər.
İsmayıllıdan olan şagirdlər artıq bir neçə ildir ki, İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu şəhərlərin bir-birinə yaxınlaşmasında həmin məktublar xüsusi rol oynayıb. İsmayıllı rayonunun ötən tədris ilində fərqlənmiş şagirdləri İto şəhərinə səfər edərək öz həmyaşıdları ilə görüşəcəklər. Gələn il isə yapon məktəblilərinin İsmayıllı rayonuna səfəri planlaşdırılır.
İto şəhərinin “İnternational Homestay Club”ın nümayəndəsi xanım Kazuko İşida AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: ”Azərbaycanlı məktəbliləri İto şəhərində zəngin səfər proqramı gözləyir. Belə ki, səfər zamanı İsmayıllıdan olan şagirdlər “Homstay” proqramı çərçivəsində həmyaşıdlarının ailələrində yaşayacaq, burada yapon həyat tərzi, ailədaxili münasibətlər və milli mədəniyyətlə yaxından tanış olacaqlar. Səfər proqramına əsasən, azərbaycanlı məktəblilərin İto şəhərinin meri ilə görüşü nəzərdə tutulub”.
Kazuko İşida qeyd edib ki, proqrama uyğun olaraq, İto şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında onlara məlumat veriləcək, oğlanlar əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbdə olacaqlar. “Həmçinin qonaqlarımız İtonun tarixi və görməli yerlərini də ziyarət edəcəklər. Onlar həm də hər il avqustun 8-10-da İto şəhərində təşkil olunan Angin Maçuriyə - Yay festivalına da qatılacaqlar”, - deyə o bildirib.
Azərbaycanlı məktəblilər avqustun 13-də vətənə dönəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio