İsmayıllı sakini qətlə yetirilib
İsmayıllı, 7 may, AZƏRTAC
İsmayıllı sakini avtomobilində odlu silahla qətlə yetirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı rayonunun ən ucqar şimal yaşayış məntəqəsi olan Mişgəmirli kəndinin sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu kənd qəbiristanlığı yaxınlığında İsmayıllı şəhərində yaşayan həmkəndlisi 2000-ci il təvəllüdlü Əzimov Şirxan Nazim oğlu tərəfindən qoşalülə ov tüfəngi ilə qətlə yetirilib. İlkin məlumata görə, qətl həmyerlilərin aralarında olan şəxsi münaqişə zəminində baş verib.
Cəsəd müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib. İsmayıllı rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əzimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.