REGİONLAR
İsmayıllıda 950 hektarda kartof əkiləcəyi gözlənilir
İsmayıllı, 25 mart, AZƏRTAC
İsmayıllı rayonunda qısa müddətdə 150 hektardan çox sahədə kartof əkilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 950 hektaradək sahədə kartof əkiləcəyi gözlənilir. Əkin aparılacaq bütün ərazilərdə vaxtında və keyfiyyətli şum çıxarılıb, sahələrə üzvi və mineral gübrələr verilib.
Kartof əkini ilkin olaraq rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Kəlbənd, Mollaisaqlı, Kürdmaşı və bir sıra digər ərazi vahidlərində aparılır.
Ötən il rayonda 917 hektar sahədən 10 min 343 ton kartof istehsal olunub ki, bu da inişilkindən 673 ton çoxdur. Bu, son illər fermer təsərrüfatlarında əkin və becərmə işlərinə elmi əsaslarla yanaşılmasının nəticəsidir. Belə ki, iki yerdə əkin və becərmə işləri sənaye üsulu ilə aparılır. Cari mövsümdə Kürdmaşı və Diyallı ərazilərində müasir texnologiyadan istifadə etməklə 200 hektarda kartof yetişdiriləcəyi nəzərdə tutulub.
Yeni texnologiyanın tətbiqi hər hektardan 45-50 ton kartof istehsalına imkan verir ki, bu da ənənəvi üsulla yetişdirilən məhsuldan iki dəfədən də çoxdur.