İsmayıllıda Azərbaycan Gəncləri Gününə həsr olunan mini futbol yarışı keçirilib
İsmayıllı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Gəncləri Günü münasibətilə İsmayıllı Olimpiya İdman Kompleksində mini futbol üzrə məktəblər arasında rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, təhsil şöbəsinin əməkdaşı İlham Vahabov, Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, məşqçi Anar Həsənov yarışın açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Yarışlarda rayonun 12 məktəbinin komandası iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Hacıhətəmli tam orta məktəbinin komandası birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, şəhər 1 saylı və Diyallı kənd tam orta məktəblərinin təmsilçiləri tutublar.
Qalib komandalar kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.