İsmayıllıda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan idman yarışı keçirilib
İsmayıllı, 23 aprel, AZƏRTAC
İsmayıllıda gənclər və idman idarəsinin və universal döyüş növü üzrə rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan universal döyüş növü üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə İsmayıllı, Bakı (Karate-Do Akademiyası), Şəki və Qəbələdən 100 idmançı iştirak edib.
Yarışlar gərgin idman mübarizəsi şəraitində keçib. Komanda birinciliyində İsmayıllı, Bakı Karate-Do Akademiyası və Şəki idmançıları müvafiq olaraq I, II və III yerləri qazanıblar. Şəxsi birincilikdə isə müxtəlif çəki dərəcələrində I, II və III yerlərin qalibləri gənclər və idman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.