İSPANİYA, ALMANİYA VƏ FRANSA İRAQIN BƏRPASINA DAİR YENİ QƏTNAMƏ HAZIRLAMAQ NİYYƏTİNDƏDİRLƏR
Danışıqların yekununa dair keçirilmiş mətbuat konfransında çıxış edən hökumət başçıları Almaniya, İspaniya və Fransa üçlüyünün İraqın bərpasına dair BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin işlənib hazırlanması sahəsində birgə əməli əməkdaşlıq səylərini müzakirə etdiklərini və bu barədə yekdil razılığa gəldiklərini bildirmişlər. İraq münaqişəsi və ölkənin bərpası məsələləri ətrafında suallara cavab verən İspaniyanın Baş naziri qətiyyətlə bəyan etmişdir ki, İraqda sabitliyin və təhlükəsizliyin təminatçısı yalnız BMT ola bilər. O bildirmişdir ki, İraqda təhlükəsizliyin təmin olunmasından sonra bu ölkə BMT-nin sanksiyası ilə suverenlik əldə etməlidir. Sapatero hazırda Almaniya, İspaniya və Fransa üçlüyünün BMT-nin yeni qətnaməsini hazırlamaq təşəbbüsü barədə Avropadakı müttəfiqləri, hətta ABŞ hökuməti ilə də mütəmadi danışıqların aparıldığını söyləmişdir.
Üçlüyün İraq problemində BMT xartiyasının prinsiplərinə sadiq olduğunu bəyan edən federal kansler Şröder demişdir ki, İspaniya, Almaniya, Fransa üçlüyünün fikrincə, İraqda yeni dövlət quruculuğunun bərpasında güc tətbiqi yeganə çıxış yolu deyildir. Üçlük digər ölkələri də BMT-nin Təhlükəsizlik Şurasının İraqın bərpasına dair yeni qətnaməsinin işlənib hazırlanmasında onları dəstəkləməyə dəvət etmişlər.